Azərbaycanda icbari sığortasız avtomobili idarə edən sürücülərin böyük məbləğdə cərimələnməsi təklif olunub.
İcbari Sığorta Bürosunun sədri Elxan Quliyev jurnalistləri bildirib ki, artıq bununla bağlı təkliflər hazırlanıb:
“Nəzarət mexanizmləri gücləndirilməlidir. Misal üçün, Rusiyada sığortasız idarə olunan avtomobilə görə cərimə həmin sığorta tarifi məbləğindədir. Bizdə isə 10 manatdır. Bu barədə Maliyyə Nazirliyi tərəfindən təkliflər hazırlanıb və hazırda hökumət tərəfindən baxılma mərhələsindədir”.
Onun sözlərinə görə, cərimələr bir neçə dəfə artmalıdır: “Bütün inkişaf etmiş ölkələrdə nəyinki cərimələr böyükdür, icbari sığortası olmayan nəqliyyat vasitələri yol hərəkətindən uzaqlaşdırılır. Ölkəmizdə də icbari sığorta üçün cərimələr artırılarsa və belə avtomobillər yol hərəkətindən uzaqlaşdırılarsa, icbari sığortaya maraq artar”.
Elxan Quliyev qeyd edib ki, 2013-cü ilin sonuna Dövlət Yol Polisində qeydiyyata alınmış 1 milyon 250 min avtomobildən 660 mini icbari (53%-i) sığorta ilə əhatə olunmuşdur, bu da olduqca aşağı rəqəmdir. Qonşu Rusiyada avtomobil parkının 80%-i icbari sığorta ilə əhatə olunub.