Sərəncamda bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlil və şəhid ailəsi mənzillə təmin edilib, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb.
Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirəcək.
Yerli icra hakimiyyəti orqanlarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu sərəncamda göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsində göstərilən tədbirləri həyata keçirmək üçün tələb olunan ilkin vəsaitin Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsindən ayrılmasını, 2015-2018-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri vəsaitin dövlətin əsaslı vəsait qoyuluşunda nəzərdə tutulmasını təmin edəcək.