Daxil olan məlumatda bildirilir ki, Şəki ilə yanaşı, Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz rayonlarının təhsil şöbə müdirləri, müəllimlər, metodiki kabinet rəhbərləri, valideynlər, Azərbaycan Müəllimlər İnstitutunun Şəki və Zaqatala filiallarının tələbələri, təhsil ekspertləri və təlimçilərin iştirak etdiyi tədbirə qatılmaq üçün Təhsil Nazirliyinin məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, həmçinin 50-dək kütləvi informasiya vasitəsinin nümayəndəsi rayona səfər edib.
Konfransda nazirliyin şöbə müdiri Aydın Əhmədov təhsildə həyata keçirilən islahatlar, o cümlədən kurikulum haqqında ətraflı məlumat verib, onun təhsildə bir istiqamət olduğunu vurğulayıb. Ekspert Asif Cahangirov isə təhsildə yeni yanaşmalar mövzusunda məruzə ilə çıxış edib.
Nazirliyin sektor müdiri Cəsarət Valehov Bakı məktəblərində işləyən müəllimlər üçün keçirilən sınaq qiymətləndirmə barədə məlumat verərək onun yaxın zamanlarda bölgələri də əhatə edəcəyini bildirib. Cəsarət Valehov belə tədbirlərin keçirilməsinin əhəmiyyəti barədə də danışıb və burada məqsədin dialoq mühiti yaratmaqdan ibarət olduğunu deyib.
Müzakirələrdən sonra media nümayəndələri 100-dən artıq yaşı olan ümumtəhsil məktəblərinin tanıdılması kampaniyası çərçivəsində bölgənin ən qədim məktəbi olan, 1831-cü ildən fəaliyyət göstərən Şəki şəhər 5 nömrəli tam orta məktəblə tanış olublar. Orada həmin məktəbin yetirməsi, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovla görüş keçirilib.