Partiyanın mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, millət vəkili buradakı vəziyyətdən razı qaldığını ifadə edib. Onun müşahidəsinə görə, burada yüksək səviyyədə elektron sistem və elektron xidmət formalaşıb. Şöbə mərkəzləşmiş sistemə qoşulub, həm bank sistemi, həm vergi orqanları, həm də digər əlaqədar dövlət qurumları ilə elektron sistem vasitəsilə əlaqələndirilib. Burada həmçinin elektron imza sistemi də tətbiq olunmaqdadır. Vətəndaşlara yüksək xidmət göstərilir, onların şikayətlərinə baxılır, mövcud problemlər operativ surətdə həllini tapır.
Millət vəkilinin fikrincə, qurulmuş bu sistem elektron hökumətin formalaşmasına öz töhfəsini verir. "Sosial müdafiə sahəsində elektron sistemin formalaşması və daimi olaraq təkmilləşdirilməsi vətəndaşların insan amilindən asılılığını azaldır, xidmətin qanunlara müvafiq şəkildə təşkil olunmasına gətirib çıxarır. Bu isə vətəndaşların rifahının təmin olunması baxımından müsbət haldır.
Qeyd edək ki, millət vəkili DSMF-in Nəsimi şöbəsinin xidmətlərindən istifadə edən seçicilərlə də söhbət edib. Onlar da bu qurumun xidmətlərindən razı qaldıqlarını bildiriblər.