Sosial şəbəkələrdə yayınlan məlumatlara görə, ölkədə istehsal olunan Aİ-92 markalı benzinin qiyməti 1 manat, xaricdən idxal edilən Aİ-95 Premium markalı benzinin qiyməti 1 manat 20 qəpik, Aİ-98 markalı benzinin qiyməti isə 2 manat olacaq.
Bununla bağlı Tarif Şurasından bildirilib ki, benzinin qiymətinin dəyişdirilməsi ilə bağlı Şuraya hər hansı müraciət daxil olmayıb:
“Ümumiyyətlə, benzinin qiymətinin dəyişdirilməsi Tarif Şurasının gündəliyində deyil”.
Ölkənin yanacaqdoldurma operatoru “Azpetrol” şirkətindən də benzinin qiymətinin qaldırılması ilə bağlı hər hansı məlumat olmadığı qeyd edilib.
Qeyd edək ki, Aİ-92 markalı benzinin qiyməti dövlət tərəfindən müəyyən edilir. Sonuncu dəfə Tarif Şurasının qərarı ilə bu markalı benzinin qiymətində 2013-cü il dekabrın 3-dən dəyişiklik olub. Dəyişikliklə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik müəyyən edilib.
Azərbaycanda neft məhsulları Bakının iki Neft Emalı Zavodunun bazasında istehsal edilir.
Həmin tarixdə Aİ-95 benzininin pərakəndə satış qiyməti də qalxaraq 1 litr üçün 80 qəpik müəyyənləşib.
Bu ilin aprel ayından isə Aİ-95 markalı benzinin ölkədə istehsalı dayandırılıb. Bu benzin Aİ-95 Premium markası ilə xaricdən idxal olunur və açıq bazarda qiyməti tənzimlənir. Hazırda bu marka benzinin qiyməti 1 litr üçün 93 qəpikdir.
Xaricdən idxal olunan və azad bazarda qiyməti müəyyənləşdirilən Aİ-98 markalı benzinin qiyməti isə aprelin 2-də 1 manat 50 qəpikdən 1 manat 3 qəpiyə düşüb.