Bu sözləri politoloq Vəfa Quluzadə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Bakıya bu gün gerçəkləşən səfərini şərh edərkən deyib. O, Avropanın Azərbaycana böyük dəstək verəcəyini bildirib:
“Avropanın Azərbaycanda böyük marağı var. Bağlı qapılar arxasında enerji məsələləri, Nabukko layihəsi müzakirə oluna bilər. Bunların hamısı real məsələlərdir və Azərbaycan da burada iştirak edəcək. Avropa isə Azərbaycana lazım olan dəstəyi verəcək. Lavrov çalışacaq ki, müxtəlif yollarla Azərbaycanı Gömrük İttifaqına cəlb etsin. Seçim artıq Bakınındır. Mənə elə gəlir ki, Azərbaycan Avropanı seçəcək, amma çalışacaq, Rusiyanı incidəcək yolla getməsin. Bura Avropa İttifaqına daxil olmamaq şərti də aiddir”.
Politoloq Putinin İlham Əliyevə təsir edə bilmədiyinə görə narahat olduğunu deyib:
“Biz Rusiyanın vədlərinə çox öyrəşmişik. Bunlarla Bakını aldatmaq olmaz. Lavrov Bakıya dişini qıcıyıb gəlir. Onlar bizi də, erməniləri də adam saymırlar. Məsələn, Putin Sərkisyanı Moskvaya çağırdı və sonra ondan bəyanat yaymasını tələb etdi. Sərkisyan isə başını əyib, Gömrük İttifaqına daxil olacaqlarını dedi. İndi istəyirlər ki, İlham Əliyevlə də belə olsun. Amma bunu da edə bilmədiklərinə görə çox narahatdırlar. Mən əminəm ki, Lavrovun səfərindən sonra müxtəlif bəyanatlar olacaq, amma məsələlər həll olunmayacaq”.
V.Quluzadə Lavrovun İrəvana getməsinin oyun olduğunu da söyləyib:
“Lavrovun İrəvana getməsi də bir oyundur. Onlar sadəcə Sərkisyanı Moskvaya dəvət edib deyə də bilərdilər ki, Qarabağda 1-2 rayonumuzu boşaltsınlar. Amma bunu etməklə bizim suverenliyimizi əlimizdən ala bilməzlər. Tutaq ki, iki rayon boşaldı. Bəs ondan sonra nə olacaq? Rusiya bu məsələnin həllindən sonra yenidən öz qoşunlarını Azərbaycana qaytarmaq istəyir. 1994-cü ildə Budapeşt sammitindən sonra Rusiya çalışırdı ki, BMT rus qoşunlarının Qarabağa yerləşdirməsi üçün onlara mandat versin. İndi Lavrov deyəcək ki, gəlin, sizin rayonları boşaldaq, amma ora rus qoşunları sülhməramlı kimi gətirilsin. Biz də o sülhməramlıların nə olduğunu artıq Abxaziyada, Osetiyada görmüşük. Buna isə iqtidar heç vaxt razı olmamalıdır”.
Qeyd edək ki, Rusiyanın Xarici İşlər naziri artıq Bakıdadır. Onun burada Azərbaycan rəsmiləri ilə Dağlıq Qarabağla bağlı müzakirələr aparacağı gözlənilir.