Konfransda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm Mərkəzinin, Milli Elmlər Akademiyasının, Təhsil, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Meliorasiya Su Təssərrüfatı Komitəsinin 24 elmi tədqiqat və təhsil müəssisələrinin və 7 xarici ölkənin təmsil edən 100-ə qədər gənc alim və mütəxəsisləri iştirak edib. Tədbirin rəsmi açılışı akademik Cəlal Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunun oxunması ilə başlayıb. Aqrar Elm Mərkəzinin Baş direktoru Əsəd Musayev konfransın keçirilməsinin ölkənin müxtəlif strukturlarında fəaliyyət göstərən müvafiq təhsil və elmi tədqiqat müəssisələrinin inteqrasiyasına və orada çalışan gənc alim və tədqiqatçıların bir araya gəlməsinə, bitki seleksiyası və toxumçuluğu, becərmə texnologiyası, bitki mühafizəsi, aqroekologiya, torpaqşünaslıq və meliorasiya, heyvandarlıq , baytarlıq və baytarlıq preparatlarına nəzarət, kənd təsərrüfatının mexanikləşdirilməsi, irriqasiya sisteminin təkmilləşdirilməsi və iqtisadiyyatının təşkili sahələrində əldə edilən elmi nəticə və nailiyyətlərinin nümayişinə gələcək perspektivdə birgə əməkdaşlığa imkan verəcəyini qeyd etdi və konfransın işinə uğurlar arzulayıb.
Aqrar Elm Mərkəzinin Gənc Alimlər Şurasının sədri Faiq Xudayev şuranın 7 yanvar 2014-cu ildən fəaliyyətə başlamasından öz sıralarının perspektivli gənc mütəxəssislərin cəlb edilərək yüksək elmi potensiala malik nüfuzlu birliyə çevrilməsindən, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində keçirilmiş görüşlərdən bəhs edərək beynəlxalq konfransın istər təşkilati, istərsə də müzakirəyə çıxarılacaq elmi problemlərin həllinin aktuallığı baxımdan tarixi hadisəyə çevriləcəyini, dərc olunan elmi əsərlər toplusunun isə gələcək nəsillər tərəfindən önəmli istinad mənbələri kimi istifadə ediləcəyini vurğulayıb. Beynəlxalq konfrans öz işini ayrı ayrı bölmələrdə davam etdirib.