“Mingəçevir” Regional Elektrik Şəbəkəsi Müəssisəsi üzrə yenidənqurma işləri aparılır. “Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin son üç ayında Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağdam, Ucar, Naftalan və Goranboyda yerləşən elektrik verilişi xətlərində və yarımstansiyalarda cari və əsaslı təmir işləri aparılıb. Müəssisənin balansına aid olan 110 və 35 kilovoltluq (kV) 18 transformator, müxtəlif gərginlikli 140-dan artıq yağ və eleqaz açarları təmir olunmuş, sınaq yoxlama işləri aparılmış və istismara verilib. Digər elektrik verilişi xətlərində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və dayanıqlıq daha da möhkəmləndirilib.