Məlumatı “media forum” saytına jurnalistin vəkili Elmar Süleymanov verib.
Aprelin 19-da Rauf Mirqədirov yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. O, 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləmək motivi ilə dövlətə xəyanətdə ittiham olunur.
Bir müddət əvvəl vəkillər Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranskidən Rauf Mirqədirovun türkiyəli vəkilinə etibarnamə verilməsini istəyiblər. İbrahim Ləmbəranski buna razılaşmayıb. Nəsimi Rayon Məhkəməsi bu qərardan şikayəti təmin etməyib.
Elmar Süleymanov sayta açıqlamasında bildirib ki, iyunun 17-də Bakı Apellyasiya Məhkəməsində Nəsimi Rayon Məhkəməsinin qərarının ləğvinə çalışıblar: “Proses zamanı iki etiraz verdik. Birinci etirazımız məhkəmə tərkibinə idi. İşə baxan tərkib Rauf Mirqədirovun barəsində həbs qətimkan tədbirini qüvvədə saxlayan tərkib idi. Bu məhkəmə kollegiyasının 17 iyun prosesinə çıxması yolverilməzdir. Etirazımız qəbul olunmadı.
Başqa bir etirazımız prosesdə iştirak edən prokurorla bağlı idi. Belə qapalı proseslərə istintaqa prosessual nəzarəti həyata keçirən baş prokurorun birinci müavini (Rüstəm Usubov - red.) çıxmalıdır. Ancaq bildirildi ki, Baş Prokurorluğun bununla bağlı xüsusi təlimatı var və prosesə göndərilən şəxs səlahiyyətlidir. Vəsatət qaldırdıq ki, həmin təlimatın Cinayət-Prosessual Məcəlləsinə uyğun olub-olmadığına aydınlıq gətirmək üçün Konstitusiya Məhkəməsinə sorğu göndərilsin. Vəsatət qəbul olunmadı.
Apellyasiya şikayətimizi əsaslandırarkən Rauf Mirqədirov da çıxış etdi. Rauf Mirqədirov qeyd etdi ki, prokurorluğun onu türkiyəli vəkilindən məhrum etməsi, məhkəmənin də bu mövqeni dəstəkləməsi qanunsuzluqdur və bu qanunsuzluq aradan qaldırılmalıdır. Bizim bütün arqumentlərimizə baxmayaraq apellyasiya instansiyası Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı”.