Daxil olan məlumata görə, səfirin Gəncə icra başçısı Elmar Vəliyevlə işgüzar görüşü baş tutub. Görüş zamanı bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səfiri salamlayaraq Azərbaycan-İsrail əməkdaşlığının əhəmiyyətindən danışmış, şəhərin ictimai-siyasi həyatı, iqtisadiyyatı barədə ətraflı məlumat verib.
Görüşdə səfir Rafael Harpaz çıxış edərək Azərbaycanın İsrail üçün dost ölkə olduğunu diqqətə çatdırmış və demişdir ki, təmsil etdiyi ölkə sürətlə inkişaf edən Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə hər zaman hazırdır. Hazırda Azərbaycanda 30 min nəfərə yaxın yəhudinin yaşadığını bildirən səfir bunlardan bir qisminin Gəncədə olduğunu diqqətə çatdırmış və onların normal həyatı üçün burada hər cür şərait yaradıldığını qeyd edib.
Səfir Dağlıq Qarabağ münaqişəsinə toxunarkən deyib ki, bu işdə İsrail dövlətinin mövqeyi hər kəsə məlumdur. Biz bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyir və Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq.
Görüşün sonunda səfirə dahi Azərbaycan şairi Nizami Gəncəvinin ingilis dilində çap edilmiş şer və qəzəllər kitabı, eləcə də digər xatirə hədiyyələri təqdim olunub.