“AzərTAc” xarici KİV-lərə istinadla xəbər verir ki, faciə ötən həftənin sonunda baş versə də, jurnalistlər bundan gec xəbər tutublar.
25 yaşlı azarkeş ÇXR-in Suçjou şəhərində yaşayırdı. Onun meyiti iyunun 14-də səhər televizorun yanında tapılmışdır. İspaniya və Niderland yığmalarının matçı (1:5) bir neçə saat əvvəl başa çatmışdı.
Meyiti müayinə edən həkimlər təsdiq etmişlər ki, ölüm yuxusuz qalmaq səbəbindən baş verib. Məlumatda bildirilir ki, gənc futbol azarkeşi ya güclü yorğunluqdan, ya da yatmamaq nəticəsində ürək tutmasından keçinib.
Çin sakinləri Braziliyada keçirilən dünya çempionatının matçlarını birbaşa efirdə izləmək üçün vaxt fərqi üzündən gecələr yatmamağa məcburdurlar. Yerli həkimlər futbol həvəskarlarına bu və ya digər matçı birbaşa izləmək məsələsini həll edərkən öz imkanlarını real qiymətləndirməyi məsləhət görürlər.
Qeyd edək ki, Çində oxşar hadisə iki il əvvəl də baş vermişdi. O vaxt futbol üzrə Avropa çempionatının matçlarını 11 gün gecə-gündüz izləyən 26 yaşlı azarkeş ölmüşdü.