Bir dəfə, hələ 1990-cı illərdə ermənilər Naxçıvana hücum edəndə, bir ağsaqqal arxayınlıqla “Qorxmayın, bala, Naxçıvanı Allah özü qoruyur. Çünki Əshabi-kəhf, Nuh Nəbinin ayaq basdığı Gəmiqaya kimi müqəddəs yerlər var burda. Ona görə də heç vaxt bu yerlərdə düşmən at oynada bilməz”,- demişdi.
Naxçıvanı Tanrı qoruyur, naxçıvanlılar isə öz abidələrini – bu isə o vaxt mənim ağlıma gələn ilk fikir oldu.
Naxçıvan abidələri sözün əsl mənasında naxçıvanlıların, Naxçıvan tarixinin daş pasportudur. 800 il bundan əvvəl Əcəmi əllərində naxışa dönən kərpiclərdən ucalan Möminə xatun türbəsi qadına olan sevgi, məhəbbət və ehtiramın ən böyük nümunəsidir. Daşdan işlənən şəbəkə, yazılan Quran ayələrinin sayı və ölçüsü baxımından da abidə orjinaldır. Mütəxəssislərin hesablamalarına görə, daşla yazılan hərflərin ümumi uzunluğu 600 metrdən artıqdır.
Ondan 20 il əvvəl inşa edilən Yusif İbn Küseyr (Yusif Küseyr oğlu) türbəsi isə sanki əksinə, o zaman dünyanı dolanan sufi dərvişlərin, tanrı sevgisindən bəhrələnərək, insana məhəbbəti hər şeydən üstün bilən ruhanilərin əbədi bir simvoludur. Dünyanın bir çox yerlərində oxşarı olan, əsasən də Yaxın Şərq və Orta Asiyada təsdüf edilən bu formalı abidələr Naxçıvan məktəbinin nümunələri kimi memarlıq tarixinə düşüb.
Hər iki abidə orta əsrlərdə Naxçıvanda inşa edilən və bizə qədər salamat qalan yeganə nümunələrdir. Bu abidələrə görə Əcəmini Naxçıvan memarlıq məktəbinin banisi sayırdılar. Ancaq son illər Naxçıvanda dövlətin qayğısı ilə yenidən bərpa edilən Nuhun məzarüstü türbəsi bəzi məqamlara aydınlıq gətirdi.
Belə ki, Naxçıvanın məşhur “Köhnə qala” deyilən ərazisində dağıntıları sovet hakimiyyətinin ilk illərinə qədər qalan Nuhun məzarüstü türbəsinin yeri qazılan zaman oradan çıxan kərpic və daş şəbəkə naxışlarının nisbətən üzdə olanı 15-16 cı əsrə , daha dərində tapılanlar isə 8-ci əsrə aid olduğu dəqiqləşdi. Mütəxəssislərin rəyinə görə, abidənin orjinalının inşası ən azı 8-ci əsrə aid edildi. Daha sonra isə görünür, abidə 15-16-cı əsrdə hansısa hökmdar tərəfindən yenidən təmir etdirilib.
Tapılan naxışlar isə sənətkarlıq baxımından oxşasa da, vaxt baxımından Əcəmidən azı 400-500 il qabğa gedib çıxır. Məntiqi nəticə aydındır: Əcəmi Naxçıvani Naxçıvan memarlıq məktəbinin banisi deyil, sadəcə, onun pik nöqtəsidir. Yəni bu məktəbin ən yaxşı, belə deyərdik ki, əvəzedilməz ustasıdır. Məktəbin təməli isə 6-7 ci əsrlərdən başlayır. Hətta bəlkə də daha qədimə gedir. Çünki, Naxçıvanda indi də qalıqları qalan və yaşı 2 min ildən artıq olan qalalar böyük məharətlə inşa edilib.
Bütün bunları mənə bir zaman söhbət etdiyim, Nuhun məzarüstü türbəsini yenidən bərpa edən, Naxçıvan Muxtar Respublikasının əməkdar memarı, rəhmətlik Azər Nəsirli danışıb. (Nuhun Naxçıvan şəhərindəki məzarüstü türbəsi 2007 -2008-ci illərdə inşa edilib, hündürlüyü 15 metr 50 sm, eni isə 7 metr 50 sm.-dır). Azər müəllim peşəkar memar idi. Orta Asiyada, ölkəmizin müxtəlif yerlərində, o cümlədən, Naxçıvandakı qədim abidələrin bir çoxunun bərpasında mütəxəssis kimi iştirak edib.
Nuhun məzarüstü türbəsinin üzərində işləyən zaman danışırdı ki, bərpa vaxtı istifadə edilən daş naxışların ancaq bir hissəsi salamat qalmışdı. Qədim naxışlar o qədər məharətlə və ustalıqla işlənmişdi ki, eskizlərin hazırlanmasında bir santimetr səhv edəndə bucaqların sayı ya azalır, ya da artırdı. Halbuki, Naxçıvan memarlıq məktəbində istifadə edilən istər naxışlar, istərsə də ornamentlərdə bucaqların sayı həmişə cüt olub. Daha çox 8 bucaqdan istifadə edilib. Bu isə ənənəvi, milli memarlıq uslubudur.
- Mən Nuhun türbəsini elə inşa etdim ki, onu insan əli dağıtmasa, yəni hansısa silahdan istifadə etməsə, bu abidə 100, hətta 200 il təmir edilmədən yaşaya bilər. Çünki, o əsl mənada Naxçıvan memarlıq məktəbinin texnologiyası və üslubunda inşa edilib,- demişdi Azər müəllim.
Bir sözlə, 21-ci əsrdə də yüzillərin qarına, yağışına davam gətirən abidə inşa etmək mümkündür. Sadəcə, milli memarlıq xüsusiyyətlərinə ciddi riayət edilməlidir.
O vaxt peşəkar memardan maraq üçün ermənilərin abidələri və bu sahədə ənənələri barədə soruşdum.
- Fikir vermisənmi,- demişdi,- ermənilər ancaq kilsə və xaçkarları ilə öyünürlər. Kilsələr onlardan da əvvəl xristianlığı qəbul edən xalqlara aiddir. Xaçkarlar isə köklü mədəniyyət deyil. O daşı arabaya qoyub dünyanın istənilən yerinə aparmaq olar. Orada basdırıb, “bura aiddir” demək olar. Ən əsası odur ki, onların qədim dövrə aid nə karvansarayı, nə hamamları, nə də körpüləri var. Bütün Ermənistan ərazisində olan hamamlar, karvansaraylar və körpülər bizimdir və memarlıq məktəbimizə aiddir. Bir-birinə oxşayan kilsə və üzərində xaç şəkili işlənən daşla özünü tarixə sübut edə bilməzsən.