Qazaxıstan Respublikası Məclisinin sədri Kabibulla Djakupov Prezident Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdırıb. Kabibulla Djakupov ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində parlamentlərarası əlaqələrin önəmini qeyd edib. Sonra o, Qazaxıstanın Avrasiya Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Mərkəzin yaradılmasının əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi qeyd olundu, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə verdikləri qarşılıqlı dəstəyin önəmi vurğulandı, iqtisadi, nəqliyyat, Xəzərdə əməkdaşlıq, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əlaqələrimizin səviyyəsinin razılıq doğurduğu bildirildi, münasibətlərimizin möhkəmləndirilməsində dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlərin rolu xüsusi qeyd olunub.
Söhbət zamanı Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının Bakı iclasının əməkdaşlığımızın daha da möhkəmləndirilməsi baxımından faydalı olacağı bildirilib.
Dövlət başçısı Prezident Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Qırğızıstan Jogorku Keneşinin (parlamentinin) sədri Asilbek Jeenbekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qırğızıstan parlamentinin sədri Asilbek Jeenbekov Prezident Almazbek Atambayevin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının Bakıda keçirilən növbəti iclasının əhəmiyyətini vurğulayıb. Sonra Asilbek Jeenbekov Qırğızıstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə parkın salınması ilə bağlı işlərin getdiyini məmnunluqla qeyd edib.
Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı, ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyi qeyd olundu, ikitərəfli münasibətlərimizin iqtisadi, humanitar və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Söhbət zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bodrumda keçirilən Zirvə toplantısının əhəmiyyəti vurğulanaraq Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının Bakıda keçirilən növbəti iclasının da əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Dövlətimizin başçısı Prezident Almazbek Atambayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qırğızıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.