Azərbaycanlı gimnast Jalə Piriyeva Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında A və B qruplarının çıxışından sonra yuniorlar arasında təsnifat turnirində liderliyini davam etdirir.
Trend-in məlumatına görə, hakimlər J.Piriyevanın çıxışını ümumilikdə 31.466 balla qiymətləndiriblər: 16.100 bal halqa və 15.366 bal top ilə kompozisiyaya görə.
C qrupunda yarışdan öncə ikinci yerdə 31.429 bal toplayan Belarus təmsilçisi Mariya Trubaç qərarlaşıb.
Bundan başqa, А qrupunda çıxış edən digər aparıcı idmançımız Züleyxa İsmayılova isə üçüncüdür. Z.İsmayılova hakimlərdən 30.349 bal alıb: halqa və topla çıxışlara görə müvafiq olaraq 15.083 və 15.266 bal.
Azərbaycan komanda hesabında 61.815 balla üçüncü yerə enib. Rusiya komandası isə 62.366 balla birinciliyi ələ keçirib. Üçüncü yerdə Belarus (62.923 bal) qərarlaşıb.
Xatırladaq ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatı başlayıb.
Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.
Yarışın ilk günündə A, В və С qruplarında yuniorların fərdi təsnifat turniri keçirilir. Gimnastlar top və halqa ilə çıxış edirlər.
Bundan başqa, iyunun 13-də seniorların 10 gürzlə, eləcə də 3 top və iki lentlə tapşırığı yerinə yetirəcəkləri qrup komandalarının yarışı da keçiriləcək.
Bu gün çempionatın rəsmi açılışı olacaq.
Bədii gimnastika üzrə Avropa çempionatı iyunun 15-dək davam edəcək.