İyunun 13-də səhər saatlarında yağan yağışlar nəticəsində Kiçik Qafqazda Göygöl rayonu ərazisindən axan Gəncəçay-Zurnabad və Kürəkçay-Toğana məntəqələrində suyun səviyyəsi kəskin artıb və sel keçməsi müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-90, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 60-65, Naxçıvan MR çaylarında isə ongünlük normanın 50 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 265 m3/s olmaqla ongünlük normanın 45 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər çox olmaqla 355 m3/s və ongünlük normanın 60 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 102 m3/s olmaqla, ongünlük normanın 60 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 182 m3/s təşkil edərək ongünlük normanın 108 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Şirvanda 3, Salyanda 7, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Bankədə isə suyun səviyyəsində 4 sm artım müşahidə olunub.