AMEA-dan verilən məlumata görə, alim Fərid Ələkbərlinin Vatikanın Məxfi Arxivinə və Apostol Kitabxanasına uzunmüddətli ezamiyyətləri (2011-2014) bu il başa çatıb. Ezamiyyətlərin məqsədi Vatikan arxivlərində Azərbaycana aid tarixi sənədlərin aşkar edilməsi və ilkin araşdırmaya cəlb olunması idi.
Vatikan arxivlərində Azərbaycan tarixi ilə bağlı qiymətli mənbələr mühafizə olunur. Vatikan Məxfi Arxivində 700-dən çox sənəd araşdırılıb və Azərbaycan tarixinə aid 85 sənəd aşkar olunub. Bu sənədlər italyan, latın, yunan, fransız, ərəb, fars, türk, monqol, erməni və sair dillərdədir. Tədqiqatlar nəticəsində aşkar edilmiş sənədlər X-XX əsrləri, yəni Azərbaycan tarixinin minillik dövrünü əhatə edir. Aşkar edilmiş sənədlər arasında orta əsr Azərbaycan hökmdarlarının (Elxani, Səfəvi, Əfşar, Qacar və s.) Roma papaları ilə məxfi yazışmalarını əks etdirən məktublar da var. Başqa sənədlər Vatikan kilsəsinin Azərbaycanda apardığı dini fəaliyyət və təbliğatla bağlıdır.
Vatikan Apostol Kitabxanasında aparılan araşdırmalar zamanı 400-dən çox qədim əlyazma əsəri tədqiqata cəlb olunub. Bunun nəticəsində həmin kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus 68 qədim əlyazma əsəri və çoxlu sayda xəritə aşkar edilib. Bunlar Azərbaycan (türk), fars, ərəb dillərində olan orta əsr əlyazma kitablarıdır. Onların arasında məşhur Azərbaycan müəlliflərinin (Nizami, Füzuli, Nəsimi, Şəbüstəri, Sührəvərdi və b.), eyni zamanda, indiyə qədər adı bizə məlum olmayan orta əsr müəlliflərinin 11 əsəri var.(Trend)