TQDK-dan verilən məlumata görə, ikinci buraxılış imtahanları komissiya tərəfindən iyunun 13-də respublikanın bir sıra şəhər və rayonlarının-Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavəndin orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək.
Həmin imtahanlarda iştirak edəcək şagirdlər “imtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 3-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Həmin gün saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- "İmtahana buraxılış vərəqəsi"ni; - şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqələrini;
b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- 16 yaşı 2014-cü il aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Buraxılış imtahanının qaydalarına görə:
- Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.
Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilib.
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
- Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.
- Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
Qeyd: Orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə təqdim etmiş 9-cu sinif şagirdlərinin orta ixtisas təhsili müəssisələrinə yerləşdirilməsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaqdır. Bununla əlaqədar qəbul qaydaları və qəbul elanı “Abituriyent” jurnalının 3-cü sayında dərc edilib.