AMEA-dan verilən məlumata görə, tədbirdə AMEA azad həmkarlar ittifaqının sədri, professor İsa Alıyev akademiyanın rəyasət heyəti ilə imzalanmış kollektiv sazişdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görüləcək işlər haqqında məlumat verib. İ. Alıyev qurumun fəaliyyətinin daha yüksək səviyyədə təşkili üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Ölkə rəhbərliyi tərəfindən akademiyaya göstərilən diqqət və qayğıdan danışan AMEA rəyasət heyəti mərkəzi aparatının işlər idarəsinin sədr müavini Sərdar Əliyev AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının təmiri, akademiya şəhərciyində Mərkəzi Kitabxana və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin istifadəyə verilməsinin buna bariz nümunə olduğunu söyləyib.
S. Əliyev akademiya əməkdaşlarının mənzil-məişət problemlərinin həlli məsələsinə də toxunub. O, bu məqsədlə kooperativ binaların tikilməsi üçün güzəştli ipoteka kreditlərinin alınmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Tədbirdə Coğrafiya İnstitutunun həmkarlar təşkilatının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev və başqaları çıxış edərək öz təklif və tövsiyələrini bildirib.