Cənubi Koreyanın “Samsung Electronics” şirkəti Vyetnamda iri zavodun tikintisinə 1 milyard dollar yatırmağı planlaşdırır.Bu, “Samsung”un Vyetnamda inşa edəcəyi üçüncü zavod olacaq. İnvestorlar bildirirlər ki, Vyetnam iş qüvvəsinin ucuz olması və işçi heyətinin daima artan bacarığı ilə elektronika istehsalçıları üçün getdikcə daha çox cəlbedici ölkəyə çevrilir.
“Samsung”un yeni zavodu, çox güman ki, Xoşimin Yüksək Texnologiyalar Parkında inşa olunacaq, - Vyetnam iqtisadiyyat nazirinin müavini Le Man Ha deyib. O, tikintinin nə vaxt başlayacağı və zavodun sahəsi barədə məlumat verməyib. Yerli mətbuat qeyd edir ki, “Samsung” layihəni hakimiyyətlə razılaşdırmadığına görə hələ ki inşaat işlərinə başlamayıb. Şirkətin mətbuat xidmətindən zavodun tikintisi ilə bağlı planlara şərh verilməyib.
Ekspertlər vurğulayırlar ki, Cənubi Koreya istehsalçısının zavodun tikintisi ilə planları Vyetnam iqtisadiyyatında aparılan geniş islahatlarla üst-üstə düşür. Belə ki, son illərdə bu ölkədə yüksək texnologiyalı məhsulların ixrac həcmi xeyli artıb. Bundan əlavə, əvvəllər Vyetnam əsasən aqrar və toxuculuq sənayesi üçün əsas meydança idisə, hazırda burada informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin gəlişi müşahidə edilir. Həmçinin son iki ildə “LG Electronics”, “Foxconn” və digər şirkətlər burada zavodlarını açıb, əksər şirkətlər isə buradakı istehsala investisiya yatırmaq niyyətindədir.
İqtisadçıların sözlərinə görə, hazırda Vyetnam əhalisinin sayı 90 milyon nəfərə yaxındır və burada əməkhaqqının səviyyəsi qonşu Çində təklif olunan əməkhaqqıdan aşağıdır, habelə texniki təhsil almış mütəxəssislərin sayı durmadan artır. Yaxın vaxtlarda “Canon” və “Intel” şirkətləri də Vyetnamda istehsal xətti açmağı planlaşdırır.
Ötən il “Samsung” ölkənin şimalında yerləşən Tay-Nquyen kompleksinə 2 milyard dollar yatırıb. 2009-cu ildə şirkət paytaxt Hanoyun şimalında yerləşən Bak-Nin əyalətindəki zavodun inşasına 2,5 milyard dollar sərmayə qoyub. Hər iki zavod mobil telefonların istehsalında ixtisaslaşıb.