Bu gün müəllimlər arasında keçirilən sınaq imtahanına məktəb direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar, uşaq birliyi rəhbərləri, sosial məzuniyyətdə olan və müvəqqəti əmək qabiliyyətini itirən müəllimlər qatılmayıblar.
Bu barədə virtualaz.org saytına Təhsil Nazirliyindən məlumat veriblər.
Nazirlikdən deyiblər ki, keçirilən qiymətləndirmə sınaq xarakter daşıyır. Yəni attestasiyadan aşağı qiymət almış şəxslər təhsil sistemindən kənarlaşdırılacağı təqdirdə sınaq qiymətləndirilməsindən sonra heç kim işdən çıxarılmayacaq.
Amma bütün müəllimlər bu qiymətləndirmə prosesindən keçiriləcək. Sınaq qiymətləndirilməsində yüksək nəticələr əldə edən müəllimlər maddi və mənəvi stmullaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, qiymətləndirmə 19 ixtisas üzrə və 80 sualdan (40 ixtisas, 20 metodika, 20 kommunikativ sual) ibarət olub. Müəllimlərin peşəkarlıq səviyyəsi ixtisas bilikləri, metodiki bacarıqlar və kommunikativ qiymətləndirmənin nəticələrinə uyğun olaraq müəyyən ediləcək. Burada hər bir bölmə üzrə verilən cavablara fərdi yanaşılacaq. Üzrlü səbəbdən qiymətləndirmədə iştirak edə bilməyən müəllimlərin bu prosesdə iştirakını təmin etmək üçün yaxın zamanlarda onların sınaq qiymətləndirməsində iştirakı üçün şərait yaradılacaq. Nəticələr qiymətləndirmədən 3 gün sonra Bakı Şəhər Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərinə göndəriləcək.