Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) verilən məlumata görə, müraciət Ukrayna Millətlər Assambleyasının (UMA) İdarə Heyətinin qərarı ilə BUAK sədri, UMA prezidenti Rövşən Tağıyevin imzası ilə göndərilib.
Məktubda əvvəlcə 25 may prezident seçkilərinin nəticələrinə görə millətlər tərəfindən P. Proşenko təbrik edilir və Ukraynada yaşayan azsaylı xalqların ölkənin gələcəyi naminə onu dəstəklədiyi ifadə olunur. Bildirilir ki, seçkilərin nəticələri Ukraynanın etnik millətlərdən ibarət vətəndaşları üçün də gələcəyə böyük ümidlər verir.
Daha sonra müraciətdə o da vurğulanır ki, Ukraynada yaşayan istər azərbaycanlılar, istərsə də digər millətlər Ukraynada formalaşan yeni hakimiyyətin fəaliyyətində aktivdir: “Yeni hakimiyyətə dəstək bizim prinspimizdir”. Məktubda o da qeyd olunur ki, Ukrayna və Azərbaycan arasındakı qardaş münasibətlərə əsasən burada yaşayan azərbaycanlılar istər ictimai, istərsə də siyasi sferada Ukraynanın inkişafında yaxından dəstək verməyə, iştirak etməyə hazırdırlar. Bundan başqa müraciət məktubunda UMA-da birləşən millətlər öz tələb və təkliflərini açıqlayıblar: “Biz öz dəstəyimiz ifadə edərək yeni hakimiyyətdən parlamentin tezliklə buraxılmasını istəyirik. Çünki hazırkı parlamentdə köhnə rejimdən qalan, totalitar meylli şəxslər var ki, bu da ölkədə yaşayan çoxsaylı millətlərin iradəsinə cavab vermir. Ona görə də biz ümidvarıq ki, yeni hakimiyyət bir sıra iri islahatlarla yanaşı parlamentin də (Ali Rada) buraxılaraq tezliklə növbədən kənar seçkilərin keçirilməsinə nail olunacaq. Assambleyada birləşən millətlər əhatə etdiyi böyük elektratı nəzərə alaraq yeni parlamentin formalaşmasında yaxından iştirak edəcək”
UMA –da Ukraynada yaşayan azərbaycanlıların, macarların, tatarların, yəhudilərin, ruslar, qaqauzlar və digər türkdilli xalqlarla yanaşı ümumilikdə 30 milləti təmsil edən 10 təşkilat birləşir. UMA – nın hazırkı prezidenti Azərbaycan diasporunun rəhbəri Rövşən Tağıyevdir.