Çexiyanın paytaxtı Praqda Şərqi Avropanın ən tanınmış və qədim universitetlərindən biri olan Karl Universitetində "Azərbaycanın təhlükəsizlik siyasəti regional təhlükəsizliyin və sülhün təminatçısı kimi" mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən verilən xəbərə görə, Şuranın xarici QHT-lər üçün elan etdiyi qrant müsabiqəsi çərçivəsində reallaşan konfransda Çexiyanın Xarici İşlər, Daxili İşlər, Müdafiə nazirliklərinin yüksək çinli əməkdaşları, Karl, Metropoliten və digər universitetlərin professor, doktorant və magistrləri, QHT və media təmsilçiləri, Azərbaycan tərəfdən isə ADA Universiteti, SAM və Azərbaycanın Çexiyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Karl Universitetinin Sosial elmlər fakültəsinin dekanı Miloş Balaban, Çexiya parlamentinin komitə sədri Yan Hamaçek və Azərbaycan Respublikasının Çexiyadakı səfiri Tahir Tağızadə konfransda giriş nitqi ilə çıxış ediblər.
Çexiya parlamentinin komitə sədri Yan Hamaçek Azərbaycanla Çexiya arasında mövcud olan siyasi-iqtisadi, diplomatik münasibətlərdən danışıb və yüksək səviyyədə olan əməkdaşlıqdan məmnun olduğunu bildirib.
Səfir Tahir Tağızadə Azərbaycanın müstəqillik əldə etdikdən bu günə kimi əldə etdiyi uğurlardan, qarşıya çıxan problemlərdən söz açıb, hal-hazırda Çexiya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi üçün görülən işlərdən danışıb.
Giriş sözlərindən sonra konfrans işini panellərdə davam etdirib. İlk panelin mövzusu "Azərbaycan regional siyasi, iqtisadi və təhlükəsizlik aktoru və Avropa İttifaqının tərəfdaşı kimi" olub və bu barədə məruzəçilər ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Karluv Universitetinin Yaxın Şərq və Afrika bilimləri İnstitutunun direktoru Eduard Gombar çıxış ediblər.
ADA Universitetinin prorektoru F.İsmayılzadə çıxışında Azərbaycanın müstəqillik əldə etdikdən sonra yürütdüyü daxili və xarici siyasətdən danışıb. O, bildirib ki, Cənubi Qafqaz regionunda sülhün, sabitliyin qorunmasında və davamlı inkişafda həlledici rol oynayan Azərbaycan Respublikası dünyanın qlobal təhlükəsizliyi istiqamətində bütün layihələrdə uğurla iştirak edir. Azərbaycanın beynəlxalq terrorizmə qarşı qətiyyətli mübarizədə daim ön sıralarda olması, Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməsi bir daha göstərir ki, rəsmi Bakı qlobal təhlükəsizliyin qorunmasında maraqlıdır və bu istiqamətdə göstərilən təşəbbüslərə həmişə dəstək verir. Müstəqillik dövrü ərzində Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu və xüsusilə son on ildə bütün sahələrdə özünü göstərən inkişaf meyllərini Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər kimi səciyyələndirən məruzəçi Azərbaycanın dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoqun gücləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli təşəbbüslərin də müəllifi olduğunu bildirib.
Ardıcıl və davamlı strateji xətt yürüdən Azərbaycanın regionun lider dövləti olduğunu və beynəlxalq səhnədə etibarlı tərəfdaş kimi qəbul edildiyini deyən F.İsmayılzadə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi şaxələndirilmiş neft-qaz kəmərlərinə əlavə olaraq, yekunlaşdırılmaqda olan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin ölkəmizin uğurlu enerji və nəqliyyat strategiyasına daha yeni əhəmiyyətli çalarlar gətirəcəyini və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığını yeni səviyyəyə qaldıracağını bildirib. O, region hüdudlarından kənarda, Trans-Anadolu boru kəmərinin çəkilməsi barəsində qərarın Azərbaycanın regionun enerji mənzərəsini dəyişəcək böyük miqyaslı layihələri həyata keçirmək iqtidarında olmasının daha bir göstəricisi olduğunu qeyd edərək, "Şahdəniz" konsorsiumu tərəfindən Trans-Adriatik boru kəmərinin seçilməsi barəsində qərarının isə Azərbaycanın Avropanın enerji bazarında rolunun güclənməsinə səbəb olacağını deyib.
F.İsmayılzadə Azərbaycanın son illər ərzində bütün sahələrdə əldə etdiyi inkişafın və dünya miqyasında artan nüfuzunun Azərbaycanın nailiyyətlərinin bariz təzahürü olduğunu və xarici siyasətin də bu inkişaf strategiyasının mühüm hissəsi olaraq, öz vacib rolunu oynadığını vurğulayıb.
Karluv Universitetinin Yaxın Şərq və Afrika bilimləri İnstitutunun direktoru Eduard Gombar çıxışında Azərbaycan haqda ətraflı məlumat verib. Gülüstan və Türkmənçay sülh müqavilələri, 1918-ci ildə Şərqdə ilk demokratik Cümhuriyyətin yaranması, 1920-ci il Sovet işğalı, 70 illik Sovet rejimi, 1991-ci ildə yenidən əldə olunan müstəqillik, Ermənistanın Azərbaycana hərbi təcavüzü, 92-ci ildə baş verən dəhşətli Xocalı faciəsi, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi və Azərbaycanın yeni inkişaf yoluna qədər qoyması, "Əsrin Müqaviləsi" və son 20 ildə qazanılan uğurlar haqda ətraflı danışıb. Region, xüsusən də Azərbaycan haqda geniş məlumatı olan çex mütəxəssis bildirib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən coğrafi mövqeyinə görə Azərbaycanın əsrlər boyu sivilizasiyalar arasında körpü rolunu oynayıb.
Onun qənaətinə görə hazırda Çexiya Avropa İttifaqında Azərbaycanın ən vacib və yaxın tərəfdaşlarından biridir. Gombar əlavə edib ki, ikitərəfli və çoxtərəfli əsasda ölkələrimiz arasında əlaqələr davamlı surətdə inkişaf edir, siyasi səviyyədə əlaqələrimizin qarşılıqlı anlaşma, yaxın siyasi məsləhətləşmələr, intensiv ikitərəfli səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq kimi meyllərlə səciyyələnir.
MDB ölkələri Sənaye və Ticarət Palatasının icraçı direktoru Frantişek Masopust, Metropoliten Universiteti Mərkəzi və Yaxın Şərq Bilimləri Mərkəzinin direktoru Bretislav Tureçek çıxışlarla bağlı fikirlərini bildiriblər.
Bretislav Tureçek Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi ilə əlaqədar fikri xüsusi maraqla qarşılanıb. Onun sözlərinə görə münaqişənin həlli ilə əlaqədar fikir bəllidir. Bu, beynəlxalq hüququn fundamental prinsipləri, BMT TŞ-nın dörd qətnaməsi, Helsinki yekun aktının rəhbər prinsipləri və digər beynəlxalq təşkilatların qətnamə və sənədlərinin tələblərini yerinə yetirməkdir. "Regionda sülh, təhlükəsizlik və davamlı inkişafa ən böyük hədə Azərbaycanın 20 faiz işğal olunmuş ərazilərində Ermənistanın hərbi qüvvələrinin mövcudluğudur. Qəti şəkildə inanırıq ki, işğalının nəticələrinin aradan qaldırılması ilə etimad quruculuğu tədbirlərinin başlanması münaqişənin sülh yolu ilə həlli üçün ən münasib variantdır. Bəllidir ki, konstruktiv yanaşmanın nümayiş etdirilməsi və qonşu dövlətə münasibətdə işğalçılıq siyasətindən imtina edilməsi regiondakı təhlükəsizlik qavrayışlarını dəyişəcək və sülh danışıqları prosesinə müsbət mənada təsir edəcək".
Konfransın ikinci panelində Karl Universiteti Təhlükəsizlik Siyasəti Mərkəzinin rəhbəri Libor Steyskalın moderatorluğu ilə "Azərbaycanda təhlükəsizlik sektorunda islahatlar: təcrübə, nəticə və perspektivlər" müzakirə olunub. Azərbaycan SAM-ın təmsilçisi Kamal Makili-Əliyev Azərbaycan təhlükəsizlik sektorunda həyata keçirilən islahatlar, Azərbaycanın Terrorizmə qarşı Tərəfdaşlıq Fəaliyyət Planının məqsədlərinin yerinə yetirilməsi, milli qabiliyyətlərin inkişaf etdirilməsi üçün ekspertiza yardımının əldə edilməsi, məlumat mübadiləsi və AATŞ çərçivəsində siyasi müzakirələrə töhfə, terrorizmə mübarizə sahəsində qarşılıqlı təmas, kibertəhlükəsizliyi sahəsində də əməkdaşlığın aparılmasında maraqlı olmasından danışıb. O, bildirib ki, regionda əsas enerji layihələrinin təşəbbüskarı kimi Azərbaycan bir çox dövlətlərlə bu sahədə əməkdaşlıq edir. Coğrafi mövqeyini nəzərə alaraq, Azərbaycan yeni və mövcud nəqliyyat dəhlizləri vasitəsilə Avropa bazarları üçün etibarlı, effektiv və stabil enerji istehsalçısı və tranzit ölkəsi olmaqda maraqlıdır. Azərbaycan təhülükəsizlik sahəsində etibarlı tərəfdaşı kimi öz səylərini davam etdirməyə və bu tərəfdaşlığı gücləndirməyə hazırdır.
Çex Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsizliyin öyrənilməsi və Polis Təhsili departamentinin rəhbəri Yan Vykoukal və Çex Respublikası Ordu Qüvvələrinin Loqistika Agentliyinin rəhbəri, Briqada Generalı Yaromir Zuna Azərbaycanla-Çexiya arasında mövcud olan təhlükəsizlik məsələləri üzrə əməkdaşlıqdan, qarşılıqlı səfərlərdən və Azərbaycan tərəfinin təhlükəsizlik sektorunda həyata keçirdiyi islahatlardan geniş söz açıblar.
Karl Universiteti Azərbaycan və Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri Eltay Dilbazi "Azərbaycanın Avropa və Çexiynaın enerji təhlükəsizliyində rolu" mövzusunda məruzəsi konfransın üçüncü panelində dinlənildi. O, Azərbaycanın iştirak etdiyi bütün enerji layihələri haqda ətraflı məlumat verdi. TANAP və TAP layihələrinin əhəmiyyəti barəsində danışan məruzəçi bildirdi ki, bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişəcəyi mütəxəssislər tərəfindən qeyd edilir. O, iştirakçı dövlətlər, eləcə də Avropa Birliyi və digər tərəfdaş dövlətlərdən olan yüksək səviyyəli nümayəndələrin "Şahdəniz-II" yekun investisiya qərarının imzalanması mərasiminə qatılmasının layihənin həyata keçirilməsi üçün nümayiş etdirilən əzm və niyyətin təzahürü olduğunu qeyd edib.
Bu iki layihə gündəmə gətiriləndən etibarən Azərbaycanın onun həyata keçirilməsi üçün ardıcıl siyasi iradə nümayiş etdirdiyini deyən E. Dilbazi bu təşəbbüsün vacib strateji komponent kimi meydana çıxmasında Azərbaycanın əzmli olmasının müstəsna rolu olub.
Təhlükəsizlik Siyasəti Mərkəzinin təmsilçisi Yan yudovik dünyanın böyük enerji layihələri sırasında olan "Şahdəniz-II", TANAP və TAP layihələrinin icrası haqda ətraflı danışıb. Mütəxəssis qeyd etdi ki, bu layihələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyinin göstəricisidir. Bundan başqa Azərbaycanın enerji siyasəti qarşılıqlı faydalı əməkdaşlıq, kommersiya baxımdan səmərəlilik, istehlakçı və istehsalçıların maraqlarının nəzərə alınması, şəffaflıq, etibarlılıq və davamlılıq kimi prinsiplərə söykənir və bu layihələr iştirakçı dövlətlərin iqtisadi inkişafına və bu dövlətlər arasında əməkdaşlıq və dostluğun daha da güclənməsinə töhfə verəcəyinə əminlik ifadə edilib.
Siyasi Bilimlər İnstitundan Mixael Romantsev, Çex Respublikası Geniş Enerji Təhlükəsizliyi Nümayəndəliyinin Katibi Jitka Holubçova məruzə haqda fikirlərini bölüşüblər.
Nəhayət, Konfransın 4-cü panelində "Azərbaycan: Asiya və Avropa arasında vacib tranzit ölkə" mövzusu müzakirə olunub. Beynəlxalq Bilimlər İnstitunun rəhbəri Slavomir Horak geniş məruzə ilə çıxış edib.
Ticarətə dəstək deprtamentindən Mixal Roh Çexiya və Azərbaycan iqtisadiyyatının müqayisəli təhlilini aparıb. Yekunda o bildirib ki, Çexiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə artır. Çex mütəxəssisin fikrincə Azərbaycanın Çexiyanın ən böyük neft təchizatçılarından biridir, yaxın illərdə Azərbaycan Çexiyanın həm də əsas qaz təminatçılarından biri olacaq. Beynəlxalq Bilimlər institunun rəhbəri Yan Şir Azərbaycanın Aİ-nin "Yeni Qonşuluq Siyasəti" və "Şərq Tərəfdaşlığı" proqramlarında fəal şəkildə iştirakı barəsində danışıb. O, qeyd edib ki, Azərbaycan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq edir. Azərbaycan və Aİ-nin enerji sahəsində strateji tərəfdaşlar olduqlarını deyən çex mütəxəssis Azərbaycanın bu strateji tərəfdaşlığı digər sahələrə doğru genişləndirmək niyyətində olduğunu vurğulayıb.
Tədbirin sonunda Karl Universiteti Təhlükəsizlik Siyasəti Mərkəzinin rəhbəri Miloş Balaban Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına belə bir vacib konfransın keçirilməsində maliyyə dəstəyi verdiyinə görə təşəkkür edib. O, əmin olduğunu bildirib ki, yaxın gələcəkdə əməkdaşlıq daha da genişlənəcək və Azərbaycanı Çex cəmiyyətinə fərqli formatlarda təqdim etmək imkanları qazanacağıq.