İran prezidenti Həsən Ruhaninin Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında bir sıra mühüm razılaşmalar əldə olunub.
Ötən gün Türkiyənin paytaxtı Ankaraya səfər edən Həsən Ruhani həmkarı Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüşlərin əsas istiqamətləri barədə məlumat verən Türkiyə mediası 18 ildən sonra reallaşan bu səpkili səfəri tarixi hadisə adlandırıb.
Səfərin yekunları olaraq, Türkiyə prezidenti Abdullah Gül və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə dövlət qurumları arasında 10 istiqamət üzrə razılaşma sənədi imzalanıb. Ən mübahisəli məqamlar isə yenə enerji sahəsində yaşanıb.
Daha öncə baş nazir Rəcəb Tayyib Ərdoğanın Tehran səfəri zamanı gündəmə gətirdiyi “təbii qazda endirim” məsələsi yenə müzakirə obyekti olub. Əldə edilən məlumatlara görə, Türkiyə digər ölkələrdə təbii qazın qiymətlərini misal çəkərək, İranın bu məsələdə endirim etməsini istəyib. İran hökumətinin diqqətinə çatdırılıb ki, hər min kub metrə görə, 480 dollar tələbi, yüksək məbləğ kimi dəyərləndirilir. İran tərəfi isə endirim əldə etmək üçün “daha çox təbii qaz alın” şərtini irəli sürüb.
Türkiyə mediası yazır ki, bu ilin ilk yarısının dəyərləndirməsinə görə, Türkiyə ən bahalı qazı İrandan alır. Türkiyə min kubmetr üçün İrana 480 dollar ödəyir. Rusiyanın özəl sektor idxalçıları isə təbii qazı Türkiyyə 306 dollardan, BOTAŞ isə 410 dollardan satır.
Azərbaycan təbii qazının qiməti isə hər min kub metrə görə, 335-340 dollar təşkil edir. Daha bahalı isə Əlcəzair və Nigeriya təbii qazının qiymətidir ki, bu da 410-430 dollar arasında dəyişir. İran qazının qiymətinin digər qaynaqların qiymətlərinə uyğunlaşdırılması isə Türkiyə üçün əsəs məqsədlərdən biridir.
Səfər zamanı ümumilikdə 10 razılaşmaya imza atılıb.
Bura ortaq film sənayesinin inkişafı, standartlaşma, nəqliyyat, dənizçilik, xəbərləşmə, 2014-2017-ci illər arasında turizm sahəsində əməkdaşlıq, o cümlədən tarix və mədəniyyət sahəsində birgə fəaliyyət, 2014-2017-ci illərdə təhsil və idman sektorunda əlaqələrin inkişaf etdirilməsi məsələləri daxildir.
Razılaşmada Kapıköy, Razı Kara, Esendere və Sero Kaya sərhəd keçid-məntəqələrinin ortaq istifadəsi də razılaşmalara daxil edilib.
İran prezidenti görüşlərdə turizm sahəsində qarşılıqlı fəaliyyət planının mümkün qədər geniş istifadəsinin zəruriliyini də vurğulayıb. H. Ruhani deyib ki, İranda türkiyəlilər otel tiksin, bank sferasında, maliyyə yönləndirilməsi məsələsində özəl sektora lazımi güzəştlər tətbiq edilsin.