Orda evə, avtomobilə, hər cür şəraitə malik, ancaq bahalı sosial xidmətlərə çıxışı olmayanlar yoxsul sayılır; bizdə isə ətçəkən və ya paltaryuyan maşını olanlar yoxsul hesab edilmir
2001-ci ilə qədər Azərbaycan hökuməti yoxsulluq probleminin mövcudluğunu rəsmən tanımaq belə istəmirdi. Ancaq beynəlxalq maliyyə institutlarının təkidi ilə hökumət faktı etiraf etməyə məcbur oldu və 2001-ci ildə yoxsulluğun azaldılması üzrə dövlət proqramı qəbul edildi.
İlkin olaraq hökumət ölkə üzrə insanların 47-49 faizinin yoxsulluq həddində yaşamasını etiraf etdi. Yəni, hökumət 13 il öncə hər iki adamdan birinin yoxsul olmasını təsdiqlədi. Ancaq sonrakı dövrdə hökumət yoxsulluğa qarşı effektiv mübarizə aparmaq, problemi doğuran səbəbləri aradan qaldırmaq əvəzinə bu göstərici ilə bağlı spekuliyasiyalar aparmağa üstünlük verdi.
Dövlət Statistika Komitəsinin son məlumatına görə, artıq ölkədə yoxsulluq həddi 5 faizə enib və bu hökumətin “uğurlu iqtisadi siyasəti”nin təzahürü kimi qiymətləndirilir. Bununla da hökumət hətta Avropa Birliyi ölkələrini belə geridə qoyub. Avropada orta yoxsulluq göstəricisi 13-16 faizdir. Təbii ki, hökumətin bu “iqtisadi möcüzəsi” ənənəvi olaraq kağız üzərində baş verib. Kağız üzərində problemi həll etməyə öyrəncəli olan hökumət reallıq hissini o qədər itirib ki, hətta “Yaxınlarda yoxsulluq probleminin sıfırlanacağı” kimi absurd bəyanatlar də səslənib -ötən ilin əvvəlində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov belə bir “iddia” ilə çıxış etmişdi. Ancaq yerli ekspertlərin kəskin ironiyasından sonra nazir sözünü geri götürməyə məcbur oldu - dünya tarixində yoxsulluq problemi olmayan ölkə qeydə alınmayıb.
Uzun müddət yoxsulluq probleminin araşdırılması ilə məşğul olan iqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, “yoxsulluq həddi” göstəricisi Azərbaycanda uzun müddətli mübahisə və müzakirə doğuran sosial göstəricilərdən biridir: “Rəsmi təbliğatda həmin göstəricidən gen-bol istifadə edilir. Hökumətin bütün hesabatlarında qeyd olunur ki, 10 il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə enib. Haqlı olaraq sual meydana çıxır: inkişaf etmiş ölkələrdə, eləcə də Baltik və Şərqi Avropanın qabaqcıl ölkələrində yoxsulluq səviyyəsi 10-20 faiz intervalında dəyişdiyi halda, qeyri-rəsmi işsizliyin tüğyan etdiyi, aşağı və təsadüfi gəlirli iş yerlərinin əmək bazarında üstünlük təşkil elədiyi Azərbaycanda doğurdanmı yoxsulların sayı əhalinin ümumi sayına nisbətən götürülsə, həmin ölkələrlə müqayisədə bir neçə dəfə aşağıdır?”
Ekspertin fikrincə, əsas məsələ milli qanunvericiliyin “yoxsul kimdir” sualına verdiyi cavabdır: “Həm də əsas məsələlərdən biri yoxsulluğu kimin hesablamasıdır. Azərbaycan qanunvericiliyinə görə, rəsmi təsdiqlənən yaşayış minimumundan aşağı gəlirə malik olan insan yoxsul hesab olunur. 2014-cü ildə həmin göstəricinin məbləği 125 manatdır. Bu məbləğlə vətəndaş həm özünün minimum qida təminatını, həm kommunal xidmətlərə (qaz, su, elektrik və s.), həm sosial xidmətlərə (təhsil, səhiyyə, istirahət və s.) olan tələbatını ödəməli, həm də çılpaq qalmamalıdır. Bu məbləğin bizim minimum ehtiyaclarımızı nə dərəcədə qarşıladığını buraxaq hökumətin insafına. Leksikonumda qarğış olmasa da, bu dəfə məmurlarımızın bu pula möhtac qalmasını ürəkdən arzulamadan keçə bilmirəm”.
Ekspertin fikrincə, məsələnin mahiyyətini aydınlaşdırmaq üçün bəzi arqumentlərə diqqət yetirmək lazımdır:
Birincisi, Azərbaycanda ərzaq səbətində nəzərdə tutulan minimum qida və xidmət normaları 3-cü dünya ölkələrinin səviyyəsinə uyğundur. Hökumət bu normaları hətta keçid ölkələrinin səviyyəsinə çatdırsa, yaşayış minimumunun dəyəri azı 50 faiz artaraq 200 manata çatacaq;
İkincisi, yoxsulluğun ölçülməsi üsuluna yanaşma dəyişməlidir. Türkiyə və Avropa Birliyi ölkələrinin nümunəsi bu baxımdan daha məqbuldur. Türkiyədə “aclıq həddi” və “yoxsulluq həddi” rəsmi olaraq ayrıca hesablanır. Hazırda Türkiyədə 4 nəfərlik ailə üçün aylıq 480 manat (1157 lirə) “aclıq həddi” (bir nəfər üçün 120 manat), aylıq 1450 manat (3557 lirə) “yoxsulluq həddi” (bir nəfər üçün 355 manat) müəyyən olunub. “Aclıq həddi” hesab olunan məbləğ yalnız qida məhsullarının istehlakı, “yoxsulluq həddi” isə həmçinin xidmət və geyim istehlakı üçün müəyyən edilib. Diqqət edin, Türkiyədə “aclıq həddi”, bizim “yoxsulluq həddi”nə uyğundur. Halbuki, Türkiyədə xidmətlər istisna olmaqla istər qida, istərsə də geyim bizdən baha deyil ki, ucuzdur
Üçüncüsü, Avropa Birliyi ölkələrində mütləq yoxsulluq həddi xərclərə görə deyil, gəlirlərə görə müəyyən edilir. Hazırda Avropada median gəlirlərin 60 faizindən aşağı gəlirə malik insanlar yoxsul hesab edilir. İqtisadi nəzəriyyədə median gəlirlər orta gəlirlərin o səviyyəsidir ki, insanların daha çox hissəsinin (məsələn, yarısından çoxunun) gəlirlilik səviyyəsi həmin nöqtə ətrafında formalaşır.
Ümumiyyətlə, yoxsulluğun hesablaması ilə bağlı Avropa standartları tam fərqlidir. Avropa standartlarına görə, vətəndaş ən bahalı sosial xidmətlər çıxış əldə edə bilmirsə, o yoxsul sayılır. Məsələn, Azərbaycan vətəndaşı ən bahalı tibbi xidmətin göstərildiyi Mərkəzi Klinik Xəstəxanada müalicə oluna bilmirsə və yaxud da ən bahalı təhsil xidmətinin göstərildiyi Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyan övladının təhsil xərclərini qarşılamaq gücündə olmursa o yoxsul sayılır. Azərbaycanda isə evində paltaryuyan maşını olan, torpaq sahəsi olan insanlar yoxsulluq kateqoriyasına daxil edilmir. Rəsmən belə hesab edirlər ki, o yoxsul deyil və ona ünvanlı sosial yardım verilmir. Avropada isə evi, avtomobili, bir sözlə yaşamaq üçün hər cür şəraiti olan, ancaq gəlirləri yüksək sosial xidmətlərə çıxışa imkan olmayanlar yoxsul elan edilir. Bir sözlə, Azərbaycan hökuməti belə hesab edir ki, adam acından ölmürsə, demək o yoxsul deyil.