Pentaqonun ABŞ Konqresinə təqdim etdiyi hesabatda Çinin yeni mərmi növlərini inkişaf etdirməsi, hərbi dəniz qüvvələrinin maddi texniki bazasını möhkəmləndirdiyi bildirilir.
Eyni zamanda hesabatda, Çinin kosmos və elektron hərb sahəsində canlı qüvvəsini çoxaltdığı da deyilir. Pekin rəhbərliyinin aktiv şəkildə pilotsuz təyyarələr istehsalına başladığı vurğulanan sənəddə hərbi hava qüvvələrinin texnoloji cəhətdən inkişaf etdirildiyi, bir müddət sonra bu sahədə ABŞ-ı keçəcəyi qeyd olunur.
Qeyd edək ki, Çin mart ayında hərbi xərclərinin 12,2% artaraq 132 milyard dollar olduğunu açıqlamışdı. Ötən il isə hərbi xərclərini 10,7% artıraraq 114 milyard dollar olduğunu bildirən rəsmi Pekin bu rəqəmlə ayırdığı vəsaitə görə yalnız 600,4 milyard dollar ayırmış ABŞ-dan geri qalır.
Onu da bildirək ki, Çinin hərbi sahədə müasir texnologiyadan istifadə edərək ordunu modernləşdirməsinin əsas səbəbi potensial münaqişə mərkəzi olan Tayvan boğazı və Şərqi Çin dənizi ilə Cənubi Çin dənizi arasındakı ziddiyətli ərazidir.
Xatırladaq ki, Çin ABŞ-ın müttəfiqləri olan Yaponiya və Filippin də daxil olmaqla öz qonşularıyla bir neçə dəfə torpaq çəkişməsi üstündə dünya gündəminə gəlib. Hazırda isə Çinin Vyetnamla gərgin dəniz bölgüsü uğrunda mübarizəsi gedir.