Hesabatı şərh edən iqtisadçı-ekspert Samir Əliyev bildirir ki, Mərkəzi Bankın ilin əvvəlində gördüyü sərt tədbirlər uzunmüddətli dövr üçün bank sistemini xilas etməyə yönəlsə də, artıq sistemdə illərlə mövcud olmuş xroniki xəstəlikləri üzə çıxarmaqdadır: “Əslində, bu gözlənilən idi. Çünki bankların uzun müddət məsuliyyətsiz kredit siyasəti, kredit risklərini düzgün qiymətləndirməmələri, istehlak kreditləşməsi bazarından asılılıqlarının artması onların maliyyə dayanıqlığını zərbə altına qoymalı idi”.
S.Əliyev bildirir ki, bank sektorunda böhranın simptomları getdikcə özünü daha qabarıq göstərir. Zərərlə işləyən bankların sayı artıq 11-ə çatıb. Halbuki ilin əvvəlində cəmisi 4 bankın maliyyə vəziyyəti pis idi. Bankların zərəri 34 milyon manat həddindədir: ”Digər problem vaxtı keçmiş kreditlərlə bağlıdır. Problemli kreditlərin həcmi artıq 895,6 milyon manatdır. Ümumi kredit qoyuluşunda payı 10 ay əvvəlki həddə – 5,5%-ə çatıb. Bu, o deməkdir ki, bankların ölkə iqtisadiyyatına yönəltdiyi hər 100 manatın 5,5 manatı geri qayıtmır. Bu, kritik hədd sayılmasa da, prosesin ona doğru getməsi şübhəsizdir. Problemli kreditlərin həcmi hətta 2003-cü ildə ölkə iqtisadiyyatına yönəldilən kredit qoyuluşundan da çoxdur”.
İqtisadçının sözlərinə görə, istehlak kreditlərinin həm həcmi, həm də payı artmaqda davam edib: “Aprel ayında kredit qoyuluşu 356 milyon manat artıb ki, bunun 152 milyon manatı istehlak kreditlərinin payına düşür. İstehlak kreditlərinin həcmi 6,6 milyon manatdan çoxdur. Ümumi kreditləşmədə payı isə 40,7%-ə çatıb. Əmanətlərin orta illik faiz dərəcəsində azalma var. Azalma daha çox manatla yatırılan əmanətlərdədir. İllin əvvəlindəki 9,42%-dən 9,16%-ə düşüb. Son bir ildə azalma 0,4% bəndi təşkil edib. Ötən ilin müvafiq dövründə orta faiz dərəcəsi 9,55% idi. Kreditlərin orta illik faiz dərəcəsi isə aprelin sonuna ilin əvvəli ilə müqayisədə artaraq 14,13%-dən 14,20%-ə yüksəlib. Artım həm milli, həm də xarici valyutada müşahidə edilib”.