Müsabiqə 2 turdan ibarət olaraq, tar, kamança, qanun, qarmon, saz, balaban ixtisaslarında təhsil alan uşaq və gənclər arasında 3 yaş qrupu (I qrup: 10-12 yaş; II qrup: 13-15 yaş; III qrup: 16-18 yaş) üzrə keçirilib və 600-dan çox şagird sənəd verib.
Müsabiqə iştirakçılarının çıxışlarını respublikanın xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ramiz Quliyevin sədrliyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Respublikanın Əməkdar artisti Vamiq Məmmədəliyev, Azərbaycan Milli Konservatoriyasının müəllimi, Respublikanın Əməkdar artisti Elşad Cabbarov, Azərbaycan Milli Konservatoriyasının dosenti Mübariz Əliyev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Məlahət Əliyevadan ibarət olan münsiflər heyəti qiymətləndirib.
Qeyd edək ki, iyun ayının 10-da Azərbaycan Dövlət Filarmoniyasında Uşaq və gənclər arasında xalq çalğı alətləri üzrə III Respublika müsabiqəsi qaliblərinin yekun konserti keçiriləcək.