2014-cü ilin aprel ayında yay fəslinin yaxınlaşması ilə əlaqədar torpaq bazarında aktivlik və qiymətdə artım müşahidə olunub.
Bunu “MBA Consulting Group” şirkətinin baş direktotu Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, aprel ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 2,65% artaraq 18 969 dollar/sot səviyyəsindən 19 471 dollar/sot səviyyəsində qərarlaşıb.
“2014-cü ilin aprel ayında Bakı şəhərinin əksər rayonları üzrə qiymət artımı müşahidə olunmasına baxmayaraq Abşeron və Nərimanov rayonlarında qiymət azalması müşahidə olunub”.
Qeyd etmək lazımdır ki, əvvəlki mart ayında Abşeron rayonunda 11,2% sıçrayışlı qiymət artımı qeydə alınıb. Qiymət azalması isə əsasən mərkəzi rayon olan Nərimanovda qeydə alınıb.
“Hazırda torpaq bazarında ən aktiv rayonlar Xəzər və Sabunçu rayonları, ən passiv rayon isə Nəsimi və Nərimanov rayonlarıdır.
Ekspert bildirib ki, aprel ayı ərzində torpaq bazarına təklif olunan ümumi 799 ədəd torpaq sahəsinin 88,0%-i boş sahə, qalanı isə qеyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil еdib.
“Yеni tikililərin salındığı torpaq sahələrinin 24,1%-i köhnə yararsız еvlərin sökülməsi, 5,9%-i kеçmiş sənayе və məişət obyеktlərinin yеrləşdiyi torpaqlarda, qalan hissəsi isə yеni torpaqların alınması hеsabına aparılıb. Təklif portfelində torpaq sahələrinin orta sahəsi 8,49% artaraq 24,3 sot/sahə təşkil edib”, - N.İbrahimov deyib.
Ekspertin sözlərinə görə, 2014-cü ilin aprel ayı ərzində Bakı şəhəri torpaq bazarında orta qiymətlərin artım ilə yadda qalıb: 1 sot torpağın orta qiyməti də uyğun olaraq artaraq 19 471 dollar/sota çatıb.
Ümumən təklifin qıtlığı şəhərin mərkəzi ərazisində davam edir. Bu vəziyyət isə şəhərin mərkəzində boş torpaq sahələrinin azalması və söküntü işlərinin həcminin artması ilə izah olunur.
“Ay ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Nəsimi rayonunda, (280 800 $/sot), ən ucuz torpaq sahəsi isə Pirallahı rayonunda, Dübəndi adlanan qəsəbədə (1100$/sot) qеydə alınıb”, - N.İbrahimov sözünü yekunlaşdırıb.