Qəbələdə 10 ölkə və 17 beynəlxalq təşkilatın qatıldığı “Fəlakət Riskinin İdarə olunması üzrə 7-ci Beynəlxalq Konfrans” bu gün işini davam etdirib.İqtisadi Əməkdaşlıq Təşkilatının təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə qarşıda duran vəzifələr müzakirə olunub, rəy və təkliflər səsləndirilib.
Beynəlxalq konfransın ikinci günündə İƏT-ə üzv ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə fəlakət riskinin idarə olunmasına dair təqdimat və müzakirələr keçirilib. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Şurasının Qafqaz və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Marsel Vaessen, Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının regional məsləhətçisi Sanjay Kumar, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin fəlakət riskinin idarə olunması üzrə qlobal təşəbbüs qrupunun rəhbəri Olaf Handloegten, Türkiyə Baş Nazirliyi yanında Fəlakətlərin və Fövqəladə Halların İdarə Olunması Agentliyinin rəhbəri Fuat Oktay və başqaları məruzə ilə çıxış ediblər. Müxtəlif mövzular ətrafında təqdimatlar keçirilib, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu gün başa çatacaq konfransın məqsədi təbii və texnogen xarakterli fövqəladə hal risklərinin idarə olunması və qarşısının alınması, eləcə də son nailiyyətləri bölüşmək, bilik və məlumat mübadiləsi aparmaqdan ibarətdir.