İsmayıllı rayonunda güclü sürüşmə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya açıqlamasında deyib ki, mayın 28-də və 29-da İsmayıllı rayonun Zərnava kəndinə yağan leysan yağışlar və dolu nəticəsində kəndin giriş yolunda sürüşmə qeydə alınıb.
Sürüşmənin eni 350-400, uzunluğu 500 metr olub. Sürüşmə nəticəsində kəndə giriş yolu 8-10 metr qırılaraq aşağı düşüb.
Sürüşmə nəticəsində kəndə giriş yolu tamamilə sıradan çıxıb və bağlanıb. Mayın 29-dan bu günə kimi həmin sürüşmə sahəsində aktivləşmə müşahidə olunur.
Dünən ETSN-in mütəxəssisləri tərəfindən yerində araşdırma aparılıb: “Dünən sürüşmə ərazisindən hətta piyadanın keçidi mümkün olmayıb. Sürüşmə sahəsi hazırda çox aktiv vəziyyətdədir. Belə ki, sürüşmə nəticəsində yolun altındakı yeraltı sular gölməçələr yaradıb. Bu da sürüşmə sahəsini anbaan aktivləşdirir”.
S. Əmiraslanov qeyd edib ki, sürüşmənin kənddəki fərdi tikililərə hər hansı təsiri yoxdur. Onun sözlərinə görə, hazırda sürüşmə sahəsinə hər hansı müdaxilə mümkün deyil: “Sadəcə, kənd ərazisinə daxil olmaq üçün alternativ yolları nəzərdən keçirmək lazımdır. Çünki kəndə girmək üçün alternativ yol olmalıdır”.
Nazirlik rəsmisi qeyd edib ki, sürüşmə ərazisi aktivdir və hər an genişlənir.