Paytaxtın Hüseyn Cavid prospektinin sonunda küçə işıqları işləmir. Ərazidə yaşayan, işləyən minlərlə insan hər axşam adi küçə işıqları ucbatından həyatlarını təhlükədə görürlər.
Bu barədə Day.Az saytına məktub yazan Ramiz Vəlixanov adlı oxucu qeyd edib. Onun sözlərinə görə, dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Bakı işıq" idarəsinin Yasamal rayon bölməsi ilə əlaqə saxlayıb. Məsul şəxs olan Yaşar Əsədov etiraf edib ki, doğrudan da prospektin axır hissəsində küçə fənərləri işləmir.
"Elektrik dirəkləri saz vəziyyətdədir. Yeni xətlər çəkilib, köhnə lampalar dəyişdirilib. İndi isə küçə işıqlarının yoxlanılması gərəkdir. Bu iş bitdikdən sonra prospektin həmin hissəsi də işıqlanacaq", - o əlavə edib.