Rusiyanın “Rosbalt” saytı azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevlə (“Lənkəranski”) bağlı sensasion sayıla biləcək məlumatlar yayıb. Saytın iddiasına görə, “Ded Xasan” ın qətlində adı keçən “Lənkəranski” nin Rusiya paytaxtındakı biznes imperiyası əlindən alınıb. İstanbulda güllənməsi xəbərinin rəsmi təsdiqlənmədiyini yazan sayt iddia edir ki, sağ olmasına baxmayaraq, onun biznesi mafioz qruplaşmalar tərəfindən bölüşdürülüb. (Yeri gəlmişkən, bu bazarlara nəzarət 2006-ci ildə Moskvada məşhur “qanuni oğru” “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Müxtarovla 2007-ci ildə “Ağbaş” ləqəbli Çingiz Axundovun qətlindən sonra Canıyevə keçib).
“Rosbalt”dan sitat: “Mövqelərini əldən verən Canıyev ona ən çox gəlir gətirən iki obyektini itirib. Bu, Moskva vilayətində ən böyük topdansatış göy və meyvə-tərəvəz məhsulları bazarıdır. Göy bazarına nəzarət uğrunda gedən qanlı müharibədə 20-dən çox adam öldürülüb. Bütün savaşlardan qalib çıxan Rövşən bazara nəzarəti əlində saxlaya bilib”.
İndi isə... Sayt R.Canıyevlə nüfuzlu “qanuni oğru” Merab Canqveladzenin qardaşı-Levan Canqveladzenin bazara nəzarətlə bağlı konfliktini (o zaman belə bir məlumat yayılmışdı ki, Levan bu məsələ ilə bağlı “razborka” da “Lənkəranski”ni bıçaqlayıb. Amma bu informasiya Canıyevin yaxınları tərəfindən təkzib edildi) xatırladır: “Mənbənin məlumatına görə, son həftələr bazar tam Levan Canqveladzenin ordusunun nəzarətinə keçib və onlar Rövşənin bütün tərəfdarlarını buradan qovublar.” Qeyd edək ki, ötən saylarımızda Canqveladze qardaşları haqqında geniş material dərc edərkən onların R.Canıyevlə münasibətlərinə də toxunmuşduq. “Oğru dünyasının generalı ” sayılan Merab (o daha çox Suxumski ləqəbi ilə tanınır) hazırda həbsxana həyatı yaşayan Tariel Onianin sağ əlidir və “Ded”in düşmənlərindən sayılır. Onun “Lənkəranski” ilə anti-Xasan qruplaşmasında yer alması məlumdur. Amma “Ded” in ölümündən sonra Rusiya saytları yazır ki, Suxumskilər R.Canıyevə dönük çıxıblar. Hətta Merab “Ded” in tərəfdarları ilə anlaşmağa çalışıb. Məhz bu informasiyalar fonunda “Lənkəranski” nin nəzarət etdiyi bazarın Suxumskilərin əlinə keçməsi qismən də olsa inandırıcı görünür. Amma “Lənkəranski”nin də kriminal aləmdə nə avtoriteti, nə tərəfdarları Suxumskilərdən az deyil. O da istisna deyil ki, kriminal qruplaşmalar maddi imkanlardan istifadə edərək mediada bu tipli psixoloji müharibə də aparır. Çünki sözügedən məqalədə iddia edilir ki, “Lənkəranski”nin “itkiləri” təkcə göy bazarı ilə bitmir.
“Rosbalt” iddia edir ki, Canıyevin Moskva vilayətindəki tərəvəz bazarını azərbaycanlı “qanuni oğru” Əlibala Həmidovun (“Qoca Yasamalski”) qruplaşması ələ keçirib. “Qoca” nın “Ded Xasan” la yaxınlığı, “Lənkəranski” ilə münasibətlərinin isə gərgin olduğu yeni xəbər deyil.
Əlibala Həmidov 1972-ci ildə Bakıda anadan olub. Kriminal aləmdə “Qoca Yasamalskı” kimi tanınır. İlk dəfə Azərbaycanda 1992-ci ildə qətlə görə 14 il azadlıqdan məhrum edilib. Azadlığa buraxılandan sonra Moskvaya gedib. Bir neçə il əvvəl isə yenidən həbs edilib. Məlumatlara görə, bu ilin yanvarında azadlığa buraxılıb. İddialara görə, “Canıyevin ”oğru" adından məhrum edilməsi ilə bağlı “Ded Xasan” ın iştirakı ilə keçirilən “sxodka”nın qərarına o da dəstək verib. Hətta Azərbaycan həbsxanalarına bu qərarla bağlı “praqon” onun adından yayılıb.
Rusiya saytının iddiasına görə, R.Canıyevə məxsus olduğu deyilən daha bir neçə bazar isə azərbaycanlı “qanuni oğru” Vaqif Süleymanovun nəzarətinə keçib. Qeyd edək ki, o da kriminal aləmdə “Vaqif Lənkəranski” kimi tanınır. Məlumatlara görə, köhnə “oğru qanunları” na ciddi əməl edən və “kriminal general”lardan sayılan Vaqif Süleymanovla “Rövşən Lənkəranski” arasında konflikt əvvəllərdə olub. Amma 2010-cu ilin yazında bu konflikt daha da qızışıb və açıq müstəviyə keçib. Həmin il sui-qəsdə məruz qalan V.Süleymanov bu işdə “Lənkəranski” ni günahlandırıb. Bir müddət sonra isə qanunsuz narkotik saxlama ittihamı ilə məhkum edilib və həbsinin yenə “Lənkəranski” nin sifarişi ilə olduğunu deyib. İddialara görə, həbsdə olan Vaqiflə Canıyev arasında olan bir telefon söhbəti gərgin keçib və onlar bir-biri haqda xoşagəlməz sözlər işlədiblər. Hətta söhbət o həddə gərginləşib ki, Canıyev onu vuracağını deyib. V.Süleymanov tezliklə həbsdən buraxılıb və onlar 2010-cu ilin avqustunda münasibətlərinin aydınlaşdırmaq üçün Rublevski qəsəbəsi yaxınlığında “qanuni oğru”, bu ilin fevral ayının 2-də Moskvada həbs edilən Cemal Mikeladzenin(“Cemo”) qardaşı Mamukonun elit kottecində “sxodka”ya toplaşıblar. “Rövşən Lənkəranski” tərəfdən söhbətə Mamuko qardaşlarından başqa da “qanuni oğru”lar iştirak edib. Vaqif Süleymanov isə görüşə “Ded Xasan”ı təmsil edən, bu həftə Dubayda keçiriləcəyi gözlənilən “sxodka” nın təşkilatçılarından olan Vasi Voskreslə gəlib. Belə söhbətlər var ki, Vaqif Canıyevlə aralarında olan problemlə bağlı “Ded” ə xəbər verib və ondan dəstək istəyib. “Ded” də özünün ən yaxın adamı hesab olunan slavyan qruplaşmasının nüfuzlu liderlərindən olan Voskresi söhbətə göndərib.
Məlumatlar var ki, bu “sxodka” məhz “Cemo” söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı “qanuni oğru” ya iradına Vaqif Süleymanov adekvat cavab verib. “Cemo” Vaqifi vurmaq istəyərkən (bəzi mənbələrə görə, “sxodka” da olan digərləri də Vaqifə hücum çəkib ki, bu da “oğru qanunları”nda səhv hərəkət sayılır) özü zərbə alıb. Bu “sxodka” Rusiyanın kriminal dairələrində dərhal ciddi müzakirə mövzusuna çevrilib. Deyilənə görə, nəticədə “Lənkəranski” və “Cemo” bu hərəkətə görə V.Süleymanovdan üzr istəyiblər. “Sxodka”nın sonunu gözləməyən V.Süleymanov oranı tərk edib. Cəhdlərə baxmayaraq, o zamandan tərəfləri barışdırmaq mümkün olmayıb.
Azərbaycanlı “qanuni oğru” ların bir-birinə qarşı çıxmalarında “Ded” in nə dərəcədə rolu olduğunu demək çətindir. Fakt budur ki, rəhmətlik böyük qardaş- Hikmət Muxtarovun (“Sabirabadlı Hikmət”) öldürülməsindən sonra azərbaycanlı “qanuni oğru” lar arasında münasibətlər kəskinləşib. Və “Lənkəranski” dən başqa digər “vor zakon” lar “Ded” in klanında yer alıblar ki, bu da münasibətləri düşmənçilik həddinədək gətirib çıxarıb.
“Ded Xasan”ın qətlindən sonra onun həm nüfuz, həm də nəhəng maddi imperiyasının bölüşdürülməsi prosesi başlanıb. Rusiya KİV-lərinin məlumatlarının təhlili də göstərir ki, krizisdən çıxmaq üçün tərəfdarlarını Dubaya toplayan “Ded” klanı da, dağıldığı barədə rəy yaradılan anti-Xasan koalisiyası da, eləcə də bu imperiyanın qalıqlarından pay uman xırda kriminal qruplaşmalar da fürsət gözləyirlər. Məşhur “Qurdlar vadisi” serialında konsey üzvlərinin sevimli sözü yada düşür: “Qurdluqda düşəni yemək qanundur...”