Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarında dəyişiklik edib.
Dəyişiklik məcburi köçkünlərə əmək haqqı verilməsi qaydaları ilə bağlıdır.
Dəyişikliyə əsasən, büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışmış, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatdıqda, orta aylıq əməkhaqqının verilməsi dayandırılacaq.
Qeyd edək ki, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” qərara əsasən, Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə orta əmək haqlarının verilməsini təmin etməlidir.
Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 avqust tarixli 95 nömrəli qərarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 aprel tarixli 81 nömrəli qərarında da dəyişiklik edilməsi barədə də qərar verib. İndiyə qədər işğaldan sonrakı dövrdə respublikanın ayrı-ayrı regionlarında məskunlaşmış və daimi işlə təmin olunmuş məcburi köçkünə öz ərizəsi ilə təkrarən işdən çıxdıqda, həmçinin öz ixtisası üzrə ona təklif olunan işdən imtina etdikdə orta aylıq əmək haqqı verilməyib. Bundan sonra həm də dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatdıqda orta aylıq əmək haqqı verilməyəcək.