Kambocada baş verən bu faciə ölkəni şoka salıb.
Quyuya düşmüş 3 min riellik (təqribən 0,5 dollar) xırda pulu çıxarmaq üçün 11 yaşlı oğlan bambuk çomaqdan tutaraq aşağı düşüb.
Həmin oğlan boğulmağa başlayanda onu xilas etməyə çalışan şəxslər də boğulublar.
İnsident Taylandın şimal-qərbindəki Siemreap vilayətindəki ucqar kəndlərdən birində yaşanıb.
Banteay Srey kəndinin sakini, 50 yaşlı Tuy Çen quyudan su çıxaranda təsadüfən 3 min riellik xırda pulu aşağı düşüb.
Şər qarışan vaxt pulunu "itirən" yoxsul Tuy bambuk çomaqdan tutaraq aşağı düşüb. Lakin o, pulu tapa bilməyib.
O, quyudan çıxandan sonra 11 yaşlı oğlu Çe Aun bambuk çomaqdan tutaraq aşağı düşüb və pulu çıxarmaq istəyib.
Fəqət oğlan 5,68 metr dərinliyi olan quyuda boğulmağa başlayıb.
Bölgənin polis rəisi Muay Nanın dediyinə görə, Çe Aunun boğulduğunu bacıları görüblər. 13 yaşlı Çe Kea və 15 yaşlı Çe Ratana quyuya düşüblər.
Onlardan səs-səmir çıxmayanda qonşular 12 yaşlı Seno Çanldi, 20 yaşlı Hay Sanqda, sonucda isə 15 yaşlı Çem Sohi və 32 yaşlı Teab Puon da quyuya düşüblər.
Quyuya düşənlərdən kimsə çıxa bilməyib.
Ən axırda quyuya düşən 27 yaşlı Soy Pem sağ qalıb. Amma onu quyudan çıxaranda huşsuzdu. Xəstəxanaya aparılmış S.Pemin vəziyyəti kritikdir.
"Bu adamların ölmələrinin səbəbi quyuda havanın olmamasıdır. Bunu toyuqla yoxladıq. Toyuğu ipə bağlayıb aşağı saldıq. Az sonra toyuq boğulub ölmüşdü. Onların da quyuda boğulmalarının səbəbi havasızlıq olub. Tuy Çenin ailəsi çox yoxsuldu. Onların normal qidalanmaq üçün yetərli düyüləri də yoxdu", - polis rəisi Muay Nan deyib.
11 övlad atası olan Tuy Çenin quyuda boğulmuş 3 uşağı dünən basdırılıb.
Yerli hakimiyyət dairələri Çenin 8 övladının yarıac yaşamlarına son vermək üçün ailəyə yardım etmək qərarına gəliblər.
Quyuda boğulmuş qardaş və iki bacının böyük bacıları, 30 yaşlı Çe Çhan deyib: "11 yaşlı qardaşım bilirdi ki, çox yoxsul yaşayırıq. 3 min rielo bizimçün çox böyük puldur. Məhz buna görə də qardaşım, sonra da iki bacım quyuya düşdülər".