Bu barədə bu gün Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşdə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Enerji və Təbii Sərvətlər Agentliyinin Neft və Qaz Divizionunun direktoru Ryo Minami bildirib.
Azərbaycana ilk dəfə səfər etdiyini deyən Ryo Minami Bakını müasir Avropa şəhərləri ilə müqayisə edib, paytaxtın inkişafına heyran qaldığını bildirib.
O, ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyətli layihələr haqqında bu ilin fevralında Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfəri zamanı ətraflı məlumat aldığını deyib.
O, Yaponiyanın IMPEX və ITOCHU şirkətlərinin Azəri-Çıraq-Günəşli layihəsinin iştirakçılarından olduğunu, yapon şirkətlərinin Bakı-Tbilisi-Ceyhan kəmərlərinin payçıları arasında da yer aldığını diqqətə çatdırıb.
Hər iki layihə üzrə işlərin uğurla davam etdiyini söyləyən qonaq Yaponiya hökumətinin bu layihələrə böyük önəm verdiyini vurğulayıb, yaradılmış şəraitə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
R.Abdullayev görüşdə Azərbaycan-Yaponiya münasibətlərinin yüksək templə inkişaf etdiyini, Yaponiya şirkətlərinin Azərbaycanda enerji və digər sahələrdə həyata keçirilən layihələrdə fəal iştirakını qeyd edib.
O, Yaponiya şirkətlərinin və ixrac-idxal bankının SOCAR-ın Türkiyədə həyata keçirdiyi STAR neft emalı zavodunun inşası layihəsinə qoşulduğunu diqqətə çatdırıb.
Azərbaycanda həyata keçirilən enerji layihələri çərçivəsində Xəzər hövzəsində hasil olunan karbohidrogenlərin dünya bazarına şaxələndirilmiş marşrutlar üzrə çıxarılmasına imkan verən neft və qaz kəmərləri sisteminin yaradılması və uğurla fəaliyyət göstərməsi haqqında məlumat verən Rövnəq Abdullayev Yaponiya şirkətlərinin bu layihələrdə müvəffəqiyyətlə çalışdıqlarını bildirib, Dövlət Neft Şirkəti ilə onlar arasında müxtəlif layihələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan bəhs edib.
Görüşdə belə bir fikir vurğulanıb ki, Azərbaycanla Yaponiya arasında dövlətlərarası münasibətlərin yüksək səviyyədə olması enerji sahəsində əməkdaşlığın daha da genişlənməsinə etibarlı zəmin yaradır.