Təşkilatın Almaniyanın Sakson Anhalt əyalətinin Alman Azərbaycan kültür cəmiyyəti və Almaniyadakı səfirliyimizlə birgə Magdeburg şəhərində keçirdiyi tədbir orijinallığı ilə də seçilirdi. "ATV XƏBƏR"-in Almaniyadakı əməkdaşı Şahin Abasovun sözlərinə görə, üzərinə Soyqırım və ümumiyyətlə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünü pisləyən plakat və şüarlar, Azərbaycanın bayraqları vurulmuş 35-ə qədər avtomobil əyalət paytaxtı olan Magdeburg şəhəri boyunca iki marşrutda yürüşə çıxdı.
26 və 28 kilometr uzunluqda olan iki marşrutla hərəkət edən avtomobillər şəhərin ən mərkəzi küçələri ilə keçib getməklə sakinlərin diqqətini özlərinə və üzərlərində olan plakat və şüarlara cəlb elədilər. Təxminən iki saat davam edən yürüşdən sonra tədbirin ikinci hissəsi başlandı və burada. "Xocalı 20" kitabının müəllifi, professor Rolf Kunşt iştirakçılara bu kitabı yazmaq zərurətindən danışdı:
"Xocalı haqda kitab yazmaq ideyasına son iki ildə rastlaşdığım, həmsöhbət olduğum azərbaycanlılarla tanışlıqdan sonra gəldim. Onların danışdıqlarından, tarixi materiallarla tanışlıqdan sonra düşündüm ki, bunu dünya ictimaiəti ilə bölüşmək lazımdır. Alman auditoriyası bunu bilməlidir". Tədbirin yekununda qonaqlar soyqırım faciəsindən bəhs edən filmə tamaşa elədilər və onalra xüsusi hazırlanmış məlumat guşəsindən kitab və DVD-lər paylandı.
Dilçi mütəxəssis Her Sapf deyir ki, bu günkü tədbir çox maraqlı və lazımlı oldu: "Biz bu tarixi bilməliyik, nələr baş verdiyindən məlumatlı olmalıyıq. Qətiyyən fərqi yoxdur harada baş verib, faciə qurbanları hansı xalqın, dinin nümayəndəsidir, bunu hamı bilməlidir". Bütünlüklə daha çox informasiya vermək məqsdəi daşıyan tədbirin keçirildiyi zalda təşkil olunan fotosərgi də məlumat baxımından qonaqlarda təəssürat yarada bildi.
Alman Azərbaycan Kültür cəmiyyətinin sədri Yaşar Niftəliyevin sözlərinə görə, tədbir çox yüksək səviyyədə keçdi: "Həm avtomobil yürüşü, həm də yığıncaq maraqlı oldu. Çoxlu alman qonaqlarımız oldu. Bir daha xalqımızın faciəsini onların diqqətinə çatdıra bildik".