Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səfirlik tərəfindən təşkil olunmuş tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Macar-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyinin təmsilçiləri, həmçinin, Macarıstanın dövlət və hökumət rəsmiləri, Macarıstan Parlamentinin deputatları və siyasi partiyaların təmsilçiləri, KİV nümayəndələri, iş adamları, xarici ölkələrin diplomatik korpus nümayəndələri və bu ölkədəki Azərbaycan diasporunun üzvləri iştirak edib.
Azərbaycan və Macarıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edərək, 96 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edib.
Vilayət Quliyev dörd il sonra Cümhuriyyətin yüz illiyinin qeyd olunacağını xatırladaraq, Azərbaycan xalqının bu yüz ildə çox böyük sarsıntılar keçirdiyini, çox böyük hadisələrlə üzləşdiyini diqqətə çatdırıb. Səfir, cəmi iki il mövcud olmuş müstəqil Azərbaycan Cümhuriyyətinin 70 il ərzində keçmiş Sovet İttifaqının respublikalarından biri kimi öz iqtisadi potensialının və dövlətçilik institutlarının yalnız kiçik bir qismini qoruya bildiyini deyib və əlavə edib ki, 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan ölkəmizin artıq 23 ildir dünyanın siyasi xəritəsində suveren dövlət kimi öz yerini tutur.
Torpaqlarımızın iyirmi faizinin Ermənistanın işğalı altında olduğunu xatırladan səfir, bu dəhşətli faktın Azərbaycan xalqını gələcəyə nikbin nəzərlərlə baxmaqdan çəkindirmədiyini, iqtisadi və intellektual potensialı kifayət qədər yüksək ölkəmizin zəngin enerji ehtiyatlarına, son dərəcə əlverişli geosiyasi mövqeyə malik olduğunu qeyd edib.
Tədbir çərçivəsində ölkəmizin hərtərəfli inkişafını və nailiyyətlərini əks etdirən müxtəlif nəşrlərdən ibarət hazırlanmış sərgini mərasim iştirakçıları maraqla qarşılayıb. Sərgi zamanı ölkəmizin tarixi, mədəniyyəti, iqtisadiyyatı və ədəbiyyatına dair macar və ingilis dillərində çap edilmiş 40-a yaxın adda kitab və ingilis dilində nəşr olunan "İrs-Heritage" jurnalının yeni nömrələri iştirakçılara paylanıb.