Rejissor Şamil Əliyevin “Çölçü” filmi XI Salento Beynəlxalq film festivalında iştirak edəcək. Rejissor Şamil Əliyev bildirib ki, festival bu il iyunun 21-dən 28-dək Salentoda (İtaliyanın Tricase şəhəri) keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
“Çölçü” filminin süjeti belədir: şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya daxil olur...
“Çölçü” bədii filmi indiyədək 20 Beynəlxalq kinofestivalında və forumlarda iştirak etmiş müxtəlif mükafatlara, o cümlədən diplomlara layiq görülüb. Bu ekran əsəri 2013-cü ilin “Humay” Milli Mükafatına layiq görülmüşdür. Film, həmçinin 86-cı “Oskar” mükafatının uzun siyahısında Azərbaycanı təmsil edib.