CEV Avropa Liqasını kişi və qadınlar arasında fərqli formatda keçirməyə qərar verib. Bu dəfəki turnir “Dördlər finalı” olmadan baş tutacaq. Belə ki, 2 qrupda mübarizə aparacaq 10 kişi komandası gözlənilən qayda ilə yoluna davam edəcək. Onlar qrupda hərəyə 8 oyun keçirdikdən sonra həlledici mərhələdə ev-səfər prinsipi ilə mübarizə aparacaqlar. Qrup qaliblərinin digər “dördlüyün” ikincisi ilə qarşılaşacağı yarımfinalın ilk matçları iyulun 12-13-də, cavab görüşləri isə 16-da təşkil olunacaq.
Öz qrupunda birinci olacaq yığmalar ilk oyunu səfərdə keçirəcəklər. Final ilk matçı iyulun 23-də, cavab qarşılaşması martın 26-da və ya 27-nə planlaşdırılır. Burada ilk görüş B qrupunun qalibi, A qrupunun ikincisi arasında yarımfinal cütünün güclüsünün meydanında keçiriləcək.
6-cı dəfə təşkil olunacaq qadınların yarışında isə bu dəfə yarımfinal olmayacaq. Əvvəlki 5 turnirdə 4 ən yaxşı komandanı bir şəhərdə eyni araya gətirən CEV bu dəfə birbaşa final oyunu keçirməyi lazım bilib. Belə ki, 2 qrupda qüvvəsini sınayan 8 yığmanın ən güclü ikisi həlledici matçlara vəsiqə qazanacaq.
Artıq bu oyunların tarixi də bəllidir. A qrupunun qalibinin ev oyunu iyulun 16-da, B qrupunun birincisinin ev oyunu isə 3 gün sonra keçiriləcək.
Qeyd edək ki, tarixində ilk dəfə Avropa Liqasına qatılacaq kişilərdən ibarət Azərbaycan millisi A qrupunda Polşa, Yunanıstan, Monteneqro və Rumıniya ilə mübarizə aparacaq. Daha iddialı olan qadın voleybolçularımız isə A qrupunda Türkiyə, Bolqarıstan və Sloveniya ilə münasibətlərinə aydınlıq gətirəcəklər.