İyunun 1-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Uşaqları Beynəlxalq Müdafiə Günü və “Kitab bayramı-2014” münasibətilə Filarmoniya bağında mədəni-kütləvi bayram tədbiri keçiriləcək. İdarədən verilən məlumata görə, tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan müəssisələrin musiqi və rəqs kollektivlərinin üzvləri və tanınmış müğənnilər çıxış edəcəklər. Həmçinin uşaq incəsənət məktəblərinin şagirdlərinin əl işləri, uşaq ədəbiyyatı kitablarından ibarət sərgi-satış təşkil olunacaq.
Tədbirdə gənc rəssamlar molbert üzərində öz bacarıqlarını nümayiş etdirərək sərbəst mövzuda rəsmlər çəkəcəklər, məktəblilərdən ibarət gitaraçalanlar ansamblı isə gün ərzində yerli və xarici bəstəkarların musiqilərindən ibarət kompozisiyalar ifa edəcəklər. Eyni zamanda, uşaqların daha çox əylənməsi və vaxtlarını şən keçirməsi məqsədilə M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinin kukla xalq teatrı uşaqlar üçün tamaşa və nağıllar səhnələşdirəcək, kloun və nağıl qəhrəmanlarının iştirakı ilə hədiyyəli viktorinalar və yarışmalar keçiriləcək, oyun meydançası, face art guşəsi yaradılacaq.