2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərinin IX sinfini 118 206 nəfər, XI sinfini isə 86 797 nəfər şagird bitirəcək.
Bu tədris ilində Azərbaycanda qiyabi (axşam) ümumtəhsil müəssisələrinin XII sinfini isə 754 nəfər şagird başa vuracaq.
Qeyd edək ki, hər il ölkədə “Son zəng” tədbirləri mayın 31-də qeyd olunub. Bu il mayın 31-i şənbə gününə düşdüyündən “Son zəng”in vaxtı dəyişib. Azərbaycanda tədris həftəsi 5 günlük olan orta məktəblərdə “Son zəng” bu gün, tədris həftəsi 6 günlük olan orta məktəblərdə isə sabah çalınacaq.
“Son zəng” tədbirləri saat 10:00-dan başlayacaq və üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək.
Bakı Şəhər Baş Polis İdarəsi hər il olduğu kimi, bu il də “Son zəng” tədbirləri ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.
Orta məktəblərdə “Son zəng” tədbirlərinin yalnız təhsil müəssisəsinin ərazisində keçirilməsi ilə bağlı məktəb rəhbərlərinə müvafiq tapşırıqlar da verilib. Bildirilib ki, “Son zəng”lə bağlı məktəb ərazisindən kənarda keçirilən tədbirdə hər hansı hadisə baş verərsə, məsuliyyət təhsil ocağının deyil, valideynlərin üzərinə düşəcək.