Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.MSK sədri Məzahir Pənahovun sədriliyi ilə keçirilən iclasın gündəliyinə MSK-nın 12 noyabr 2013-cü il tarixli iclas protokolunun təsdiq edilməsi, Azərbaycan Respublikası üzrə seçicilərin daimi daimi siyahısının tərtibi, MSK-nın bəzi normativ xarakterli aktlar və bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsi barədə məsələlər daxil edilib.
İclası giriş sözü ilə açan M.Pənahov qeyd edib ki, hər il müvafiq icra strukturları ilə birgə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi həyata keçirilir: “Bu il də 125 dairə üzrə seçicilərin siyahısının dəqiqləşdirilməsi həyata keçirilib. Bu il seçicilərin sayı 5 milyon 54 min 455, təşkil edib ki, bu da ötən illə müqayisədə 1.4 faiz artım deməkdir. Seçicilərin 52 faizə yaxını qadınlar, 48 faizə yaxını isə kişilər olub”.
M.Pənahovun sözlərinə görə, 100-dən yuxarı yaşı olan 856 seçici qeydə alınıb və onlardan ən yaşlısı 126 yaşındadır.
MSK sədri vurğulayıb ki, seçicilərin dəqiqləşməsi zamanı Seçki Məcəlləsinin tələblərinə uyğun bütün addımlar atılıb.
Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.
Sonda cari məsələlər müzakirə edilib.
Qeyd edək ki, iclasdan öncə media nümayəndələri seçici siyahılarının çapı və saxlanılma şəraiti ilə tanış olublar.