Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun qüvvəyə minməsi ilə bağlı imzaladığı fərmanda daha bir maraqlı məsələ əksini tapıb. Avtosfer.az saytı sürücüləri məlumatlandırmaq məqsədilə həmin dəyişikliyi diqqətə çatdırır. Dəyişiklik keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi ilə bağlıdır. Yeni qaydalara əsasən, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə yüz manat miqdarında cərimə nəzərdə tutulur.
Qeyd edək ki, həmin əməlin törədilməsinə görə cərimə sanksiyası əvvəllər 60 manat və 3 bal idi. İndi isə 100 manat və 3 bal tətbiq olunacaq. Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən nəqliyyat vasitələri dedikdə isə təcili tibbi yardım, yanğınsöndürən, polis və digər avtomobillər nəzərdə tutulur. Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələri və ya mütəşəkkil nəqliyyat dəstəsi isə operativ nəqliyyat vasitələri və onların müşaiyət etdiyi kortejlər nəzərdə tutulur.