Bu kampaniya çərçivəsində “XOCALI...Azərbaycana qarşı Bəşər Faciəsi” başlığı altında yüzlərlə məlumatlar Vaşinqton və Nyu-York şəhərlərinin metro stansiyalarına, avtobus dayanacaqlarına, avtobuslar, sabit və səyyar elan lövhələrinə vurulub. Avtomobillərin işıqları binaların yan divarlarına vurulmuş yazıların üzərinə düşdükdə, məlumatları işıqlandırılır. Vaşinqtondakı “National Mall” və “Union Station”, Nyu-Yorkdakı “Washington” və “Times Square” bu kampaniyanın yönəldiyi və nəqliyyatın hərəkətinin çox sıx olduğu məşhur yerlərdən bir qismini təşkil edir.
AAA-nın təsisçisi Anar Məmmədov qurumu təsis edərkən qarşısına qoyduğu əsas hədəflərdən biri də elə azərbaycançılıq, əxlaqi dəyərlərimizi, tariximizi yaymaq və dünyaya çatdırmaq olduğunu deyib. "Keçən il olduğu kimi bu il də, Alyans olaraq Xocalı ilə bağlı kampaniyaya start vermişik. Bu kampaniya çox geniş auditoriyanı əhatə etmək iqtidarındadır və əminəm ki, bu kampaniyadan sonra daha da çox insan Xocalı soyqrımı, Azərbaycan həqiqətləri haqqında məlumatlanacaq”.
İctimai maarifləndirmə kampaniyası bir neçə həftə ərzində davam edəcək və milyonlarla amerikalı bunun şahidi olacaq. Ənənəvi mətbuat vasitələri olaraq, qəzetlərdə məqalə və redaktə qeydləri yer aldığı halda "Facebook", "Twitter" və "Youtube" kimi sosial şəbəkələrdə yazılar dərc olunacaq və müzakirələr aparılacaq. Bundan başqa Cənubi Qafqaz üzrə mütəxəssislər, akademiklər, siyasətçilər və biznesmenlərin Xocalı qurbanları barədə xatirələri, Amerikanın Azərbaycan ilə mühüm qarşılıqlı münasibətləri haqqında düşüncələrini öyrənmək üçün onlardan video müsahibələr alınıb. Bu cür müsahibələr, digər video, foto, pres reliz, məqalə, redaktə qeydləri, hadisələrə dair məlumat və kampaniyanın sosial şəbəkə komponentlərinə keçidlərini Azərbaycan - Amerika Alyansının aşağıdakı İnternet səhifəsindən əldə etmək olar: www.azerbaijanamericaalliance.org.
Alyansın keçirdiyi tanıtım kampaniyası çərçivəsində Vaşinqtonun 10 metro stansiyasında posterlər yerləşdirilmiş, mərkəzi küçələrdə yerləşən yüzlərlə bina üzərində proyeksiya üsulu ilə məlumatlar əks olunmuş, üzərində Xocalı həqiqətlərinin əks olunduğu poster həkk olunmuş nəqliyyat vasitəsi bütün Vaşinqtonu dolaşıb. Nyu-Yorkda davam edən kampaniya zamanı yuxarıda sadalananlardan əlavə BMT ofisi yanında iki poster yerləşdirilib və məşhur "Times" meydanında quraşdırılan əsas monitorda hər 15 saniyədən bir Xocalı həqiqətləri işıqlandırılıb.
Azərbaycan Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-kommersiya təşkilatı olub, Amerikada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışır. Alyansın missiyasına Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstək təmin etmək daxildir. Alyans akademik müzakirələr, mədəni proqramlar və siyasi söhbətlər vasitəsilə Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir.