Trend-in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin son bir neçə ay ərzində xeyli sayda döyüş və qeyri-döyüş itkiləri olub.
Trend aparılan araşdırmalar zamanı hətta Ermənistan Silahlı Qüvvələrinin itkilərinin adlı siyahısını da əldə edə bilib.
Belə ki, Ermənistan Müdafiə Nazirliyi ciddi cəhdlə ölüm və yaralanma hallarını ört-basdır etməyə çalışır. Lakin əldə olunan məlumatlara əsasən, qarşı tərəfin qısa müddət ərzində verdiyi itkilərin sayı onlarla ölçülür.
Məlum olub ki, cəbhə xəttində azəşkəsin pozulması, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin postlarına basqın və kəşfiyyat-diversiya cəhdlərinin qarşısının alınması zamanı, eləcə də ermənilərin öz aralarında baş verən insidentlər, nizamnamədən kənar hərəkətlər nəticəsində düşmən tərəfindən ölənlərin sayı 11, yaralananların sayı isə 3 nəfər olub.
Həlak olanlar podpolkovnik Qarik Balyan, baş leytenant Arutyun Safaryan, leytenant Araik Babayan, yefreytor Erik Qasparyan, o cümlədən əsgərlər Artur Oqancanyan, Armen Ovannisyan, Edik Şahnəzəryan, Karen Qalstyan, Arman Qukasyan, Qarnik Torosyan, Nerses Karapetyandır.
Düşmənin Mqer Xlqatyan, Varazdat Zakaryan, Aşot Qriqoryan adlı hərbi qulluqçuları isə yaralanaraq sıradan çıxıblar.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan da mayın 28-də baş vermiş insidentdə erməni yefreytoru Erik Qasparyanın öldüyünü və konkret ad-soyad çəkmədən yaralananların olduğunu təsdiq etməyə məcbur olub.
Lakin müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlar göstərir ki, bu faktlar həqiqəti tam əks etdirmir. Belə ki, müxtəlif səbəblərdən həlak olan və yaralananların sayı ermənilər arasında xaos yaranmaması üçün bir neçə dəfə azaldılır.