Quba şəhərindəki Yaşıl teatrda “Tələbə baharı” festivalının qala-konserti keçirilib.Gənclər və İdman Nazirliyinin 2006-cı ildən etibarən həyata keçirdiyi festivalın budəfəki qala-konserti də tamaşaçıların zövqünü oxşayıb. Yaşıl teatrın səhnəsində çıxış edən tələbələr pop musiqisi, xalq mahnıları, caz musiqisi, klassik musiqi (vokal), estrada musiqisi, rəqs üzrə isə milli rəqslər, müasir rəqslər, bal rəqsləri nominasiyaları üzrə bacarıqlarını nümayiş etdiriblər.
Bildirilib ki, aprelin 2-3-də festivalın seçim mərhələləri keçirilib və bu turlarda 20-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiyalar üzrə öz istedadlarını nümayiş etdirib. Seçim turlarından sonra 9 ali məktəbin tələbələri son mərhələdə bacarıqlarını nümayiş etdirmək imkanı qazanıblar.
Qala-konsertin Quba şəhərində keçirilməsi əlamətdar hadisə kimi qiymətləndirilib. Diqqətə çatdırılıb ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihəyə əsasən, internet səsvermənin nəticələrinə görə Quba şəhəri 2014-cü il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilib. Bununla əlaqədar bu şəhərdə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Festivalın təşkilinin əsas məqsədi tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri və orada fəaliyyət göstərən dərnəklər arasında fikir mübadiləsinin təşkili, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaqdır. Asudə vaxtın səmərəli təşkil edilməsi sahəsində səylərin gücləndirilməsi, yeni ünsiyyət və əlaqələrin formalaşdırılması da əsas istiqamətlərdən biridir.
Qeyd edək ki, qala-konsertin sonunda müxtəlif nominasiyalar üzrə qaliblər elan olunub, onlara Gənclər və İdman Nazirliyinin mükafatları təqdim edilib.