ABŞ-da məskunlaşan, Əhmədinejadın səfəri zamanı Təbrizdə yaşayan soydaşımız Babək Çələbiyanlı video ilə bağlı APA-ya məlumat verib. O bildirib ki, bu çəkiliş indi yayılsa da, bir neçə il öncəyə aiddir: “Əhmədinejad ikinci dəfə prezident seçiləndən sonra ilk səfəri Təbrizə oldu. O zaman mən də Təbrizdə idim və həmin səfəri yaxşı xatırlayıram. Prezidenti qarşılamaq üçün təhsil müəssisələrindən tələbələri məcburi olaraq qarşılama mərasiminə aparmışdılar. Gənclər isə etiraz olaraq, qarşılama mərasimində yalnız “Traktor!” şüarı səsləndirdilər. Adətən İranda qarşılama mərasimlərində tribunada bir nəfər mikrofonla bir şüar deyir, əhali isə həmin şüarı təkrarlayır. Bu dəfə elə olmadı. Tribunadan “Mahmud Əhmədinjad, xoş gəldin!” şüarı verilir, gənclər isə cavabında “Traktor, Traktor!” deyirdi. Daha sonra “İranımız əzizdir!” və bu kimi başqa şüarlara da gənclər “Traktor, Traktor!” şüarı ilə cavab verdi. Hətta gənclər bu şüarı Əhmədinejadın çıxışı müddətində də davam etdirdi. Bir neçə dəfə çıxışını dayandırmalı olan prezident də məcbur qalıb axırda dedi: “Yaşasın, Traktor!”. Bu çəkiliş o zamana aid olsa da, bu gün sosial şəbəkələrdə ən çox paylaşılan videolardan biridir”.