DİN-in mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Əvvəlcə daxili işlər nazirinin qarşılanması olmuş, nazir müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport vermişdir.
Sonra general-mayor Şahin Məmmədov çıxış edərək yeni kompleksin açılışının Daxili Qoşunların həyatında əlamətdar günlərdən biri, bunun Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən Daxili Qoşunlara xüsusi diqqət və qayğısının nəticəsi kimi qiymətləndirmiş, hərbi qulluqçular adından ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Qeyd olunub ki, inşasına 2011-ci ilin oktyabr ayında başlanmış 12 mərtəbəli yeni kompleksin uşaq bağçası da daxil olmaqla, ümumi sahəsi 9500 kvadratmetrdir. Binada ümumilikdə 102 mənzil var və onların hər biri zəruri avadanlıqlarla təchiz edilib.
Nazir kompleksin rəmzi açılışını bildirən lenti kəsib, buradakı uşaq bağçasında körpələr üçün yaradılmış şəraitlə yaxından tanış olub, eyni zamanda, hərbi qulluqçulara verilən mənzillərə baxıb.