Azərbaycan-Rusiya sərhədində yerləşən Samur buraxılış məntəqəsində yük avtomobillərinin uzun növbəsi yaranıb. Növbənin yaranmasına bu günlərdə Gürcüstanın Daryal dərəsində torpaq sürüşməsi nəticəsində yolun bağlanması səbəb olub. Yolun bağlanması nəticəsində Gürcüstan-Rusiya sərhədini keçmək istəyən yük maşınları Azərbaycan ərazisi ilə Gürcüstana keçməyə məcbur olublar. Sərhədi keçmək istəyənlərin böyük axını Azərbaycan-Rusiya gömrüyündə ləngimələr yaradıb ki, bu da sərhədin hər iki tərəfində onlarla avtomobildən ibarət növbənin yaranmasına gətirib çıxarıb.
Samur buraxılış məntəqəsinin rəisi Hüseyn Məsimov SİA-ya açıqlamasında bildirib ki, yaranan problemlə bağlı həm Rusiya ərazisinə keçmək istəyən, həm də Azərbaycana gələn avtomobillərin sayı çoxalıb. Belə ki, əvvəllər gün ərzində 300 avtomobil sərhədə gəlirdisə, indi bu rəqəm 700-ə çatıb. Növbələrin yaranmaması üçün mütəmadi Rusiya tərəfi ilə danışıqlar aparıldığını deyən Hüseyn Məsimov, danışıqlar sayəsində gün ərzində 100-ə yaxın yük maşının sərhədi keçməsinə səy göstərdiklərini deyib.
Qeyd edək ki, mayın 17-də Gürcüstandakı Kazbek dağlarının Şimal-qərb yamacında Devdorak buzlağının bir hissəsi sürüşərək yolda palçıq selinə çevrilib. Terek çayının təxminən 400 metr boyunca məcrasını və Gürcüstan-Hərbi yolunu örtüb. Uçqunun hündürlüyü, alimlərin qiymətləndirmələrinə görə, 20 metr təşkil edir.