Yay fəslinin başlanmasına az qalmış, baharın yayı xatırladan istiləri artıq ilanların fəallığını artırıb. Bunu açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər şöbəsinin böyük həkimi Zemfira Vahidova da təstiqləyib.
Onun sözlərinə görə, isti havalar başlayandan artıq 8 nəfəri ilan sancıb. Həkim qeyd edib ki, ilan sancmış şəxslərə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdiriliblər: “Son ilan sancması isə dünən Abşeron rayonunun Mehdianbad qəsəbəsində olub. İlan sancmış qadına ilk tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib”.
Həkim qeyd edib ki, ilan sancması halları əsasən Qaradağ, Xəzər və Abşeron rayonlarında baş verir: “İlan sancması əsasən qazıntı olan yerlərdə daha çox olur. Bu, şəhərin mərkəzində də ola bilər. İlanlar günün isti vaxtlarında qazıntılar olan yerdə çox olur. Hazırda şəhərdə qazıntı işləri çox olduğuna görə ilanlar da çoxalıb”.
Z. Vahidova ilan sancan zaman ilk yardım qaydalarından da danışıb: “Əvvəllər deyilirdi ki, ilan sancan yerdən zəhəri sovurmaq lazımdır. Ancaq bu, çox təhlükəlidir və qətiyyən etmək olmaz. Ağız boşluğunda yara və ya karesli dişlər ola bilər. İlan sancan yer ətraflardırsa, ilk olaraq xəstə mütləq uzandırılmalıdır. İlan hansı hissəni sancıbsa ondan yuxarını nə ilə isə sıxmaq lazımdır və yara hissə bədən ilə horizontal vəziyyətdə olmalıdır. Dərhal təcili yardım çağırılmalıdır. Təcili yardım həkimlərində ilan zəhəri əleyinə zərdablar olur. Əsasən Abşeron yarımadasında gürzə və əfi ilanların zəhəri çox güclü olur. Yol boyu 3 etapda bu zərdablar vurulur və xəstə xəstəxanaya yerləşdirilir”.
Onu da qeyd edək ki, bu gün paytaxtda “İçəri Şəhər” metrostansiyasının yaxınlığında 1 m uzunluğunda 2 ilan tutulub və şəkillər sosial şəbəkələrdə paylaşılıb. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ilanlar tapılan yerlərə baxış keçiriblər.